Cüdoçularımız “Okeaniya kuboku”nu 1 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurdular

Avstraliyanın Vullonqonq şəhərində keçirilən cüdo üzrə “Okeaniya kuboku” uğrunda yarışın ikinci günü də Azərbaycan cüdoçuları üçün uğurlu olub. Allsport.az xəbər verir ki, turnirin ikinci günündə daha 5 cüdoçumuz mübarizəyə qoşulub.

90 kq çəki dərəcəsində yarışan Məmmədəli Mehdiyev ilk olaraq amerikalı Tomas Karpı mübarizədən kənarlaşdırıb və daha sonra britaniyalı Corc Smiti məğlub edib. Cüdoçumuz yarımfinalda Əlcəzair təmsilçisi Abderəhman Benamadiyə şans verməyib və həlledici görüşdə isveçrəli Siril Qrosklaus üzərində qələbəni bayram edib. Beləliklə Azərbaycan cüdoçusu “Okeaniya kuboku”nun qızıl medalını qazanıb.

100+ kq çəkidə yarışan Uşanqi Kokaurinin də çıxışı uğurlu alınıb. O ilk görüşdə tatami sahibi Liam Parkı, daha sonra estoniyalı Yuhan Metisi məğlub edib. Yarımfinalda isə daha bir Avstraliya idmançısı – Cek Andrevartuya qalib gəlib. Lakin finalda Kokauri Əlcəzair cüdoçusu Amin Tayibə uduzaraq gümüş medalla sahib olub.

Digər cüdoçularımız – Hüseyn Rəhimli, Əbdülhəqq Rəsullu və Rüstəm Alimli mükafatçılar sırasına düşə bilməyiblər.

Bununla da Azərbaycancüdoçuları “Okeaniya kuboku”nu 1 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurublar.

Qeyd edək ki, yarışların ilk günü Ayşə Qurbanlı (48kq) gümüş, Oruc Vəlizadə (60 kq) və Fəqan Quluzadə (73 kq) bürünc medal qazanıblar.

Həmin kateqoriyadan