De Byazi: “Azərbaycan futbolu hələ də qapalı dünyadır”

Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi DÇ-2022-nin seçmə mərhələsində ötən ay İrlandiya ilə səfərdə 1:1 hesablı heç-heçə etdikləri oyun haqda danışıb. Allsport.az xəbər verir ki, italiyalı mütəxəssis Britaniya mətbuatına müsahibəsində bildirib ki, yığmamızın bir neçə üzvü səhvə yol verməsə, İrlandiyadan 3 xalla dönərdilər: 

“İrlandiyaya qarşı Dublində yaxşı oyun göstərdik. Özəlliklə, 1-ci hissədə. İkinci yarıda matçı idarə etməkdə çətinlik çəkdik və evə üç xalla dönə bilmədik. Əslində bu da bizim üçün inanılmazdır. İrlandiyanın qol vurduğu epizodda daha yaxşı oynaya bilərdik. Bir neçə oyunçumuz sadə səhvlərə yol verdi. Ümumiyyətlə, heç-heçənin ən ədalətli nəticə olduğunu düşünürəm. İrlandiya qapıçıdan başlayaraq geridən oynamağa çalışan komandadır. Həm texniki, həm də fiziki cəhətdən yaxşı keyfiyyətlərə malikdir. Amma görünür hələ də tarazlığı tapmayıb”.

65 yaşlı mütəxəssis Bakıda yaşamaqdan zövq aldığını vurğulayıb: “Xəzərin sahilində gözəl bir şəhər olan Bakıda həyat yaxşıdır. Eyni zamanda möhtəşəm şəkildə qorunan köhnə tarixli və UNESCO-nun irs siyahısına salınmış şəhərdir. Ölkə çempionatının, demək olar ki, bütün oyunları burada keçirilir. Çünki paytaxtdan kənarda yerləşən yalnız iki klub var.

Azərbaycan premyer liqasında cəmi 8 klub mövcuddur və əksəriyyətinin heyətinin böyük hissəsi əcnəbi futbolçudan ibarətdir. Bu da seçim etmək üçün məhdud imkan verir. Burada asan deyil. Çünki Azərbaycan futbolu hələ də qapalı dünyadır, bir neçə oyunçu xaricdə oynamağa yeni başlayıb. Bu baxımdan daha çox futbolçunun xaricə yollanmaq və beynəlxalq təcrübə toplamaq şansına sahib olacağına ümid edirik”.

Həmin kateqoriyadan