Dünya cüdo turu Bakıya gəlir

Beynəlxalq Cüdo Federasiyası Azərbaycanı da əhatə edən “Dünya cüdo turu” layihəsinə start verir. Allsport.az saytı xəbər verir ki, bu, turun ən mühüm turnirlərindən biri olan “Böyük dəbilqə” yarışlarından birinin may ayında Bakıda keçirilməsi ilə bağlıdır. IJF-in Budapeştdə keçirilən təqdimat xarakterli 2 günlük seminarı yeni ilin turnir cədvəlinin vəziyyətinə həsr olunub. Azərbaycanı təqdimatda milli federasiyanın baş katibi Elnur Camalxanov təmsil edib.

Layihə 21 turniri, o cümlədən, müxtəlif kateqoriyalı dörd dünya çempionatını, 1 “World Masters”, 5 “Böyük dəbilqə” turnirini ( biri Bakıda keçiriləcək), 11 qran-pri yarışını əhatə edir. Cüdonun cəlbedici idman növünə çevrildiyini bildirən IJF-in idman direktoru Vladimir Barta deyib: “Dünya çempionatının iki ildən bir keçirildiyi yaxın keçmişi hamımız xatırlayırıq, lakin indi vəziyyət dəyişib. Peşəkarlar komandası yaradılıb və hazırda söhbət əldə etdiklərimizin saxlanılmasından deyil, gələcək inkişafdan gedir. Özü də unutmaq lazım deyil ki, olimpiya təsnifat yarışlarının başa çatmasına cəmi bir ildən bir qədər çox vaxt qalır”.

IJF ofisinin başçısı Larisa Kiss vurğulayıb ki, cüdonu daha da inkişaf etdirmək üçün London Olimpiadasındakı uğura söykənmək və bu uğuru Rio-de-Janeyro oyunlarında üstələməyə çalışmaq lazımdır. O, bunu deyib: “Biz yetərincə yüksək səviyyəyə çatmışıq. Lakin daha da təkmilləşmək üçün imkanlarımız var. Bu il Mərakeşdə “World Masters” turnirindən sonra cüdoçulara olimpiya təsnifatının hesabına 100 faiz xal veriləcək. IJF-in himayəsi ilə keçirilən iri turnirlərin sayı ildən-ilə artır və getdikcə daha çox ölkəni əhatə edir. Bu, təkcə cüdonun imici üçün deyil, ayrılıqda götürülən hər bir dövlət üçün müsbət amildir”.

Təqvimə gəldikdə, ən yaxın iri turnir fevralın 20-22-də Düsseldorfda keçiriləcək qran-pri turniri, sonra Tiflis və Samsunda qran-pri yarışları olacaq.

Həmin kateqoriyadan