Elmar Qasımov da millimizə bürünc medal qazandırdı

Koreyanın Jeju şəhərində keçirilən qran-pri yarışının sonuncu günündə cüdo üzrə Azərbaycan milli komandası daha bir bürünc medala sahib olub. Allsport.az saytı xəbər verir ki, Elmar Qasımov (100 kq) yarımfinala qədər pakistalı Hüseyn Şah, İran təmsilçisi Cavad Mahjoubu və rusiyalı Arsen Omarovu məğlub edib.

Finala gedən yolda kubalı Joze Armentorosa uduzan tatami ustası, bürünc medal uğrunda mübarizədə Yaponiya cüdoçusu Kensuke Sakamotoya qalib gəlib. Rəqibini “ippon” – təmiz qələbə ilə məğlub edən Azərbaycan cüdoçusu Jeju Qran-Prisinin bürünc medalı qazanıb.

Bu çəkidə ölkəmiz təmsil edən Elxan Məmmədov 7-ci, ağır çəkidə mübarizə aparan Uşanqi Kokouri isə 5-ci yeri tutub. Qran-prinin sonuncu günündə tatamiyə çıxan digər iki cüdoçumuz – Ramin Qurbanov və Məmmədəli Mehdiyev 1/4 finala vəsiqə qazana bilməyiblər.

Beləliklə, Azərbaycan milli komandası Koreyada 3 bürünc medal qazanıb. Elmar Qasımovdan öncə, Orxan Səfərov (60 kq) və Rüstəm Orucov (73 kq) 3-cü yeri tutublar. Qran-prilərdə ilk 7 yeri tutanlar müvafiq olaraq 300, 180, 120 (3), 80 (5), 54 (7) lisenziya xalı qazanırlar.

Həmin kateqoriyadan