Emil Balayev: “Ayntraxt”da heç bir məişət problemim yoxdur”

Azərbaycan yığmasının və Almaniyanın “Ayntraxt” klubunun qapıçısı Emil Balayev azerisport.az saytına müsahibə verib. Allsport.az sizi həmin müsahibə ilə tanış edir.

– “Ayntraxt”dakı işləriniz necə gedir?
– Şükür Allaha, hər şey yaxşıdır. Burada hər şey xoşuma gəlir.

– Artıq yeni komandanızla ilk mükafatınızı da qazanmısınız…
– Bir neçə gün öncə mini turnir keçirildi. Orada beş oyun keçirdik. Həmin oyunların üçündə meydanda oldum. Fikrimcə, debütüm pis alınmadı.

Həmin turnirdə Dmitri Nazarovun komandası “Karlsrue” də iştirak edirdi və millidəki komanda yoldaşınız hətta sizə penaltidən qol da vurdu. Oyundan sonra buna görə üzr istədi?
– (gülür) Yox.

– Söhbət etməyə imkanınız oldu?
– Bəli, söhbətləşdik. Bir-birimizə uğurlar arzuladıq. Mən də ona komandasının tezliklə əsas Bundesliqada görünməsini arzuladım.

– Artıq sizi əsas Bundesliqa oyunlarının iştirak ərizəsində görmək olar?
– Bunu dəqiq deyə bilmərəm. Bu haqda qərarı məşqçilər verəcəklər.

– Bəs özünüz nə gözləyirsiniz?
– Məşqlər bu gündən bərpa olunub. Turnirdə iştirak edən futbolçulara istirahət verilmişdi. Mən hələ heç nə deyə bilmərəm. Burada mənə gənc və perspektivli qapıçı gözü ilə baxırlar.

– Yeri gəlmişkən, orada sizi necə qarşıladılar?
– Mənim üçün komanda yoldaşlarımla dil tapmaq çətin olmadı. Çünki ingilis dilini bilirəm.

– Azərbaycanın harada yerləşməsinə dair qəribə suallar vermədilər?
– Xeyr, elə suallar olmadı. Haradan olduğumu soruşdular, mən də Azərbaycandan olduğumu dedim, hamı da tanıdı.

– Alman dilini də öyrənməyi düşünürsünüz, yoxsa ingilis dili ilə kifayətlənəcəksiniz?
– Müqaviləmdə belə bir bənd var ki, alman dilini öyrənmək istəsəm, klubum mənim üçün müəllim tutacaq. Etiraf edim ki, alman dilini öyrənmək istəyim var. Tezliklə öyrənməyə başlayacağam.

– Frankfurtda harada yaşayırsınız?
– Klub məni mənzillə təmin edib. Məişət problemim yoxdur.

Həmin kateqoriyadan