YAZI
Füzuli Ələkbərovdan fərqli, nə Rövnəq Abdullayev, nə də Sadıq Sadıqov mətbuatı saydı

Cüdo federasiyası 22 iyul – Milli Mətbuat Günü ərəfəsində susdu. «Allsport.az» saytı xəbər verir ki, KİV bunu yeni rəhbərliklə əlaqələndirir. Ötən ilin sentyabrında baş verən məlum dəyişiklikdən sonra, Rövnəq Abdullayev cüdomuzun başına, Sadıq Sadıqov sağına keçib; artıq bu təşkilatda maliyyə məsələləri tam həll olunub. İlk aylarda federasiya mətbuatla təmasda olsada, sonradan ondan qaçmağa başlayıb. Sovet dövründə, «beşillik plan»da olduğu kimi, indi ACF-in başı Rio-2016-ya bərk qarışıb. Rəhbərlik yay olimpiya oyunlarında medal qazanıb, «yuxarılar»ın qarşısında başı uca dayanmaq istəyir.

Qəribəsi odur ki, əvvəlki rəhbərlik çox tənqid olunmasına rəğmən, daim KİV-lə çıx əlaqədə olub. Söz vaxtına çəkər, ötən ilin bu günlərində, Füzuli Ələkbərov gethagetdə cüdonu təbliğ edən media əməkdaşlarını başına yığıb, onların təltif etdi. Düzdür, burada həmkarlarımız, keçmiş baş katib Elnur Camalxanov ilə keçmiş vitse-prezident Elnur Kələntərovun da rolu böyük olub. Necə deyərər, «zər qədrini zərgər bilər».

Məncə, olimpiya oyunları ərəfəsi, bir bəhanədir. ACF-in yeni rəhbərliyi mətbuatla görüşdə maraqlı deyil. Yaxşı yadımdadır, 2008-ci ilin 22 iyul ərəfəsində əski rəhbərlik cüdoya yaxın həmkarlarımla paytaxt restoranlarının birində görüş keçirdi. O zaman millimiz Pekin olimpiadasına hazırlaşırdı. Hamımız orda komanda üzvlərinə dua etdik, uğurlar arzuladıq. Son idmansevərlərə bəllidir – Elnur Məmmədli qızıl, Mövlud Mirəliyev bürünc medal qazandı. Pekin-2008-dən sonra da federasiya əlaqələri kəsmədi. Zaqatalada təşkil olunan beynəlxalq təlim-məşq toplanışında KİV-in birgünlük ezamiyyəti təşkil etdi. Düzü, bu mənim işimlə bağlı ölkə daxili ilk səfərim idi. Orada olmağımı ACF-dən bir nəfər istəmişdi. Bu idman növünə bağlılığımı bilirdi. Adını özüm çəkmirəm, sonra düşərlər onun canına. Elə bilərlər, tənqidi yazı yazanda, məlumatı o ötürür.

Bir müddət öncə, iyulun 19-da milli komandamız Almaniya paytaxtına təlim-məşqə yola düşüb. Ayın 25-də isə, cüdoçularımız federasiya heyəti ilə birgə Berlin-Paris-Rio reysi ilə Braziliyaya uçub. «Dördillik»də ölkəmizi 6 tatami ustası təmsil edəcək. Ümid edirəm ki, komandamız, ən azı, Pekin-2008-in uğurunu təkrarlayacaq. Əks halda, ACF rəhbərliyini Bakıda ciddi hesabat gözləyəcək.

Kamran HACI

Həmin kateqoriyadan