Gəncə şəhərində cüdo üzrə ustad dərsi keçirilib

Allsport.az xəbər verir ki, Azərbaycan cüdo federasiyası (ACF) 30 apreldə Gəncə şəhərində “Gəncə Mall”da təcrübəli cüdo mütəxəssislərinin iştirakı ilə ustad dərsi təşkil etdi.

Ustad dərsi zamanı ictimaiyyətə cüdonun fəlsəfəsi, onun uşaqların və gənclərin mənəvi və fiziki tərbiyəsində oynadığı rol barədə məlumat verilib.

Tədbirdə çıxış edən ACF prezidentinin müşaviri Natiq Bağırov hər kəsi ustad dərslərində iştirak etməyə dəvət edib. O, bildirib ki, bu cür layihələrin həyata keçirilməsində ACF-in əsas məqsədi idmanla məşğul olan uşaqların, gənclərin sayını artırmaq və cüdo idman növünü təbliğ etməkdir.

Ustad dərsi zamanı Natiq Bağırov, 2022-ci ildə gənclər arasında Avropa çempionatının qızıl medalçıları Vüqar Talıbov və Vüsal Qələndərzadə ilə birgə müxtəlif cüdo fəndlərinin yerinə yetirilməsini uşaqlara və gənclərə nümayiş etdiriblər, sakinlərlə səmimi söhbət ediblər və cüdo ilə məşğul olmağa dəvət ediblər. Onlar iştirakçılara cüdonun fəlsəfəsi və cüdoçuların əməl etməli olduqları qaydalar haqqında geniş məlumat veriblər. Praktik cüdo fəndlərinə maraq göstərən uşaqlar, yeniyetmələr və gənclər tatamiyə dəvət ediliblər və onlar müxtəlif fəndləri yerinə yetirməyə çalışıblar.
Tədbir zamanı may ayının 6-7-si Göygöldə yeniyetmələr arasında keçiriləcək Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Avropa Kuboku turniri haqqında məlumat verilib və iştirakçılar turnirdə iştirak etməyə dəvət olunub.

Daha sonra iştirakçılar üçün viktorinalar təşkil olunub, cüdo idman növü üzrə müxtəlif suallar verilib və düzgün cavab verən şəxslərə hədiyyələr təqdim olunub.

Həmin kateqoriyadan