Güləşçilərimiz qitələrərarası Alrosa kubokunda

12-13 noyabrda Rusiyanın paytaxtında güləş üzrə qitələrarası – Alrosa kuboku keçiriləcək. Allsport.az saytı xəbər verir ki, komanda yarışında 23 yaşadək idmançılar 6 çəki dərəcəsində mübarizə aparacaqlar.

Qadınların mübarizəsində Azərbaycan, Rusiya, Türkiyə və Özbəkistan komandaları mübarizə aparacaq. Baş məşqçi Semyon Çteryov və böyük məşqçi Aslan Ağayevin rəhbərliyi ilə yığmamızı Patimat Baqomedova (48 kq), Leyla Qurbanova (53 kq), Tatyana Omelçenko (58 kq), Elmira Qəmbərova (63 kq) və Elis Manolova (69 kq) təmsil edəcəklər.

Sərbəst güləş millimiz Moskvada məşqçilər Əsgərxan Novruzov və Arif Abdullayevin rəhbərliyi ilə çıxış edəcək. Heyətə Mahir Əmiraslanov (57 kq), Teymur Məmmədov (65 kq), İsmayıl Abdullayev (74 kq), Murad Süleymanov (86 kq), Məhəmmədrəsul Qazıməhəmmədov (97 kq) və Əliməhəmməd Əlixmoyev (125 kq) yer alıblar. Sərbəst güləşçilərin yarışında Azərbaycan, Rusiya, İran, Türkiyə, Özbəkistan və MOİK komandaları var.

Məşqçilər Zöhrab Abbasov və Turac Hüseynlinin rəhbərliyi ilə mübarizə aparacaq yunan-Roma güləşində Mikayıl Rəhmanov (59 kq), Namaz Rüstəmov (66 kq), Mehrac Kərimov (75 kq), Arif Niftullayev (85 kq), Soslan Fanziyev (98 kq) və Oyan Nəzəriani (130 kq) mücadilə edəcəklər. Yarışda Azərbaycan, Rusiya, İran, Belarus, Özbəkistan və Moskva komandaları çıxış edəcəklər.

Proqrama əsasən, noyabrın 12-də ilkin görüşlər, 13-də isə final görüşləri keçiriləcək. Yarışlar Lujniki Olimpiya Kompleksində, “Drujba” Universal İdman Zalında baş tutacaq. Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı ölkəmizi təmsil edəcək.

Həmin kateqoriyadan