“Hələ də tataminin hər 2 tərəfinə əhəmiyyətli töhfələr verə bilərəm”

“Tanış simaları, o cümlədən tataminin o biri tərəfində olan məşqçi yoldaşlarımı, eləcə də texniki masada mənə qoşulan həmkarlarımı görmək olduqca xoşdur. İnanıram ki, hələ də tataminin hər iki tərəfinə əhəmiyyətli töhfələr verə bilərəm”.

Allsport.az xəbər verir ki, bu sözü Azərbaycanın Əməkdar məşqçisi, Əməkdar bədən tərbiyəsi və idman xadimi Əli Dəvrişov Avropa cüdo birliyinin (EJU) rəsmi saytına açıqlamasında deyib.

EJU-da informasiya texnologiyaları üzrə təşkilat komitəsinin üzvü olan mütəxəssis, cüdo fəaliyyətinə 18 yaşından başladığını vurğulayıb: “Keçmiş SSRİ dövründə məndə cüdoya həvəs yaranıb və bu gün Avropa cüdo birliyinin informasiya texnologiyaları komandasında çalışıram.

Eyni zamanda 26 ildir məşqçilik edirəm. Bu, o dövr üçün bir qədər qeyri-adi ənənə idi. Çünki əksər idmançılar adətən karyeralarını bitirdikdən sonra məşqçi olurlar. Lakin mən hər iki yolu davam etdirmək qərarına gəldim. Həm gənc cüdo həvəskarlarına tatamidə dərs deməkdən, həm də kompüterlərlə işləməkdən həzz alıram”.

O, texnologiyaya və elmə dərin qiymət verdiyini bildirib: “Əvvəllər rəqiblər müəyyənləşdikdən sonra hər bir iştirakçıya nömrə təyin edilirdi və siyahılar bunun əsasında tərtib olunurdu. Ancaq kompüter texnologiyasının yaranması və proqram təminatının inkişafından sonra vəziyyət dəyişdi. Əvvəlcə Fransadan olan proqramlarla, sonra isə Mattiasın məşhur proqramı ilə işlədim. Bu gün biz Sloveniyanın Datastat şirkətinin tərtib etdiyi interfeys üzərində işləyirik”.

Həmin kateqoriyadan