Heydər Əliyev kuboku Naxçıvanda qaldı

Naxçıvanda İlham Əliyev adına olimpiya-idman kompleksində Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə cüdo üzrə beynəlxalq turnir keçirilib. Allsport.az saytı xəbər verir ki, yarış iştirakçıları əvvəlcə ümummilli liderin əzəmətlə ucalan abidəsini ziyarət edib, mərhun prezidentin muzeyi ilə tanış olublar. Sonra beynəlxalq turnirin açılışı olub.

Tədbirdə çıxış edən Naxçıvan muxtar respublikası ali məclisinin sədrinin 1-ci müavini Azər Zeynalov, Heydər Əliyevin ölkə idmanına verdiyi tövhədən danışıb. Onun rəhbərliyi dövründə digər sahələrdə olduğu kimi, idmanın da inkişafı diqqətdə saxlanılıb. İdman sahəsində maddi-texniki baza yaxşılaşdırılıb, idman kompleksləri tikilib, meydançalar salınıb, böyük idman-sağlamlıq mərkəzləri yaradılıb.

Açılış mərasimi bədii hissə ilə davam edib. Turnirdə Gürcüstan, Türkiyə və Rusiya komandaları, eləcə də ölkəmizin Bakı, Sumqayıt, Gəncə, Qəbələ, Naxçıvan və Culfa komandaları mübarizə aparıblar. Olimpiya sistemi üzrə təşkil edilən beynəlxalq turnirin final görüşündə Naxçıvan və Sumqayıt komandaları üz-üzə gəliblər. Gərgin keçən görüş meydan sahiblərinin cüdoçuların qələbəsi ilə başa çatıb. Gürcüstan və Qəbələ komandaları isə turnirin bürünc medalını qazanıblar. Sonda qaliblər diplom, medal və kubokla mükafatlandırılıblar.

Həmin kateqoriyadan