Heydər Əliyevin xatirəsinə beynəlxalq həndbol yarışı başlayıb

Paytaxtımız bu günlər daha bir beynəlxalq yarışa ev sahibliyi edir. Allsport.az saytı xəbər verir ki, söhbət ümummilli lider Heydər Əliyevin 96-cı ildönümünə həsr edilən həndbol turnirindən gedir.

Yarışın təşkilatçıları əvvəlcə fəxri xiyabana yollanıblar. Azərbaycan, Gürcüstan və İraq həndbol federasiyalarının nümayəndələri, ulu öndər Heydər Əliyevin xatirəsini dərin hörmətlə yad edərək, məzarı önünə gül dəstələri qoyublar.

“ABU arena”da keçirilən beynəlxalq turnirdə 4 komanda mübarizə aparır. Azərbaycan bu yarışda iki kollektivlə təmsil olunur. Kişilərdən ibarət əsas milli ilə yanaşı, 24 yaşadək həndbolçulardan ibarət seçməmiz də ənənəvi turnirdə bacarığını göstərir. İraq da yarışa əsas milli ilə qatılıb. Gürcüstanın isə U-24 komandası xatirə turnirinin iştirakçıları sırasındadır.

Yarışın ilk günündə keçirilən oyunlar gərgin və maraqlı mübarizə ilə yadda qalıb. İraq seçməsi ilə U-24 komandamızın görüşündə qonaqlar qələbə qazanıblar – 36:19. Əsas millimizlə Gürcüstanın U-24 seçməsinin görüşü isə, 26:28 hesabı ilə başa çatıb.

Qeyd edək ki, beynəlxalq turnirin qalib və mükafatçıları mayın 10-da müəyyənləşəcək.

Həmin kateqoriyadan