“İHF və EHF prezidentləri ilə böyük yarışların və seminarların ölkəmizdə təşkilini müzakirə etdim”

İsveçin paytaxtı Stokholmda qitə həndbol federasiyasının 15-ci konfransı və 37-ci konqresi keçirilib. Toplantılarda ölkəmizi AHF-in vitse-prezidenti Orxan Abbasov təmsil edib. O, səfər təəssuratını allsport.az saytı ilə bölüşüb:

“Avropa həndbol federasiyasının konqresi uğurlu keçdi. Tədbirlərin gündəliyində duran əsas mövzular illik və maliyyə hesabatları idi. Sonra yerli federasiyaların vəziyyətləri, problemləri ilə maraqlandılar, onların həlli yolları müzakirə olundu. 2024-cü ildə qadınlar arasında qitə çempionatının harada təşkil olunacağı bilindi. Səsvermə nəticəsində İsveçrə, Avstriya və Macarıstan qalib gəldilər.

Səfər çərçivəsində İHF-nin rəhbəri Həsən Mustafa və EHF-nin prezidenti Maykl Vidererlə görüşdüm. Dəyirmi masada Azərbaycanla dünya və Avropa həndbol federasiyaları arasında dostluq münasibəti xatırlandı. Bizim problemlərin həlli yollarını, böyük miqyaslı tədbirlərin Azərbaycanda keçirilməsi müzakirə olundu. Qarşı tərəf son məsələdə kömək edəcəklərini vəd etdilər. Həsən Mustafa vəziyyətin həlli yolunu üçün AHF-nin prezidenti Saleh Məmmədovu İsveçrənin Bazel şəhərinə, qurumun baş idarəsinə dəvət etdi.

Maykl Vidererlə söhbətdə, hakimlərimizin dərəcələrinin artırılması və daha çox təyinat almaları barədə fikir mübadiləsi apardım. Təklif etdim ki, azərbaycanda referilər üçün beynəlxalq seminarlar olsun.
Səfər dönəmində “Tele-2” arenasında kişi həndbolçuların finalını izlədim. Həlledici görüşdə İspaniya və Xorvatiya yığmaları üz-üzə gəldilər. Çox möhtəşəm oyun oldu. Piriney təmsilçiləri baş mükafatı qazandılar

Konfrans da gözəl keçdi. Çalışırıq ki, həndbolu ölkəmizdə daha inkişaf etdirək, çoxlu böyük yarışlar keçirək. Məqsədimiz yeniyetmə-gənclərin püxtələşməsi, klublarda bərkiməsi və milliyə fayda vermələridir. Bölgələrdə də işimizi gücləndiririk”.

Həmin kateqoriyadan