“İndiki məşqçi heyətindən çox razıyam. Öncəkilər bizimlə məsləhətləşmir, öz bildiyini edirdilər”

Titullu cüdoçu Orxan Səfərov Bakıda keçirilən “Böyük dəbilqə”nin ilk günündə 60 kq-da qızıl medal və 1000 əmsal xalı qazandı. Allsport.az saytı xəbər verir ki, 30 yaşlı idmançı qələbədən sonra sevincini bizimlə bölüşdü:

– Əlbəttə, olimpiadadan sonra hər kəsdə istirahət olur. Biz də Tokiodakı zəif çıxışın ardından, Bakıya qayıtdıq. Sözün açığı, o qədər də həvəsli deyildim. 1 aya yaxın istirahət etdim. Məşqlərə həvəslə qatılmırdım. Amma yığmanın yeni məşqçilər heyəti sağ olsun: bizə dəyər verdilər, idmançıları həvəsləndirib məşqlərə cəlb etdirlər. Biz də yaradılan şəraitin qarşılığında burada qızıl medal qazandım. Bu uğuru Zəfər gününə həsr edirəm. Hamımız istərdik ki, 3 gün ərzində himnimiz səslənsin. Bu gün bu vəzifə mənim üzərimə düşdü. Nəyin bahasına olur-olsun, himnimizi səsləndirmək istəyirdim. Allaha çox şükürlər olsun ki, alındı.

– Belə çıxır karyeranı davam edəcəksən…
– Belə deyim: ildən-ilə qərar verəcəyəm. Məsələn, bu il qərar verdim, davam edəcəyəm. Amma gələn ili sonu necə olacağı bəlli deyil.

– Hansı duruma nəzərən qərar verəcəksən?
– Biz heç vaxt rəqabətdən çəkinməmişik. Neçə ildir cüdodayam. Hər yerim zədəlidir. Ciddi xəsarət olsa, geri qayıtmaq çətin olacaq. Çünki yaşım da az deyil.

– Bu günlərdə federasiya rəhbərliyində dəyişiklik oldu. Yenilərdən nə gözləyirsən?
– Yeni rəhbərliyi bəzi idmançılarla tanışlığı olub. İndi bizim başımız bu yarışa, təlim-məşqlərə qarışıb. Biz idmançıyıq, işimiz çıxıb güləşməkdir. Bizə yaxşı şərait yaradılandan sonra, bunun qarşılığında medal qazanmaq üçün əlimizdən gələni edəcəyik.

– Hadisə gözlənilməz olmadı ki?
– Sözün açığı, bir az gözlənilməz oldu. Nə deyə bilərik? Xeyirlisi, inşallah.

– Komanda yoldaşın Rüstəm Orucov, açıqlamasında deyib ki, Tokio olimpiadasına 2 həftə öncədən getmək yanlış qərar idi. Buna münasibətin?
– İndi yığmada çalışan məşqçi heyəti, yeri gələndə, təcrübəli idmançılarla məsləhətləşirlər. Özü də çox. Biz təcrübəliyik, çox şey görmüşük. Onlar deyirlər ki, əl-ələ verib komandanı daha səviyyəli yerə gətirməliyik. Amma öncəki məşqçilərlə bu alınmırdı. Nə deyirdisə, o da olurdu. Rəyimiz nəzərə alınmırdı.

– Yəni, Ruslan Maşurenko nə deyirdi, o olurdu.
– Bəli. Belədə, biz də pis vəziyyətdə qalırdıq. Sözümüzü deyəndə də bildirirdi ki, siz məşqçi olanda fikrinizi səsləndirərsiniz. Amma dünyada bu, belə işləmir. Komandaların hər birinin sütunu var, təcrübəlilər var. Bizim işimiz yardım etməkdir, dəstək verməkdir. İndi yığmada 60 və 66 kq-da çıxış edən gənclərə öz tövsiyəmi verirəm. Əvvəl belə şey yox idi, deyirdilər ki, get öz işinlə məşğul ol, qarışma.

– Bəs əlaqələndirici məşqçi Elxan Məmmədov necə?
– Onun köməyi olmurdu. Amma indiki məşqçilərimizdən yerdən göyədək razıyam. Onların təyinatına görə çox sevincliyəm.

– Qarşıdakı planların?
– İlin sonunadək 2 yarışım var: öncə Almaniya klubunun heyətində çıxış edəcəyəm. Sonra, Yunanıstan komandasının tərkibində çempionlar liqasında mübarizə aparacağam.

Həmin kateqoriyadan