Kəramət Hüseynov ilk 22-likdə! Bu mövqe ona Tokio-2020-yə yollanmağa imkan verir

Ötən həftə Tiflisdə cüdoçuların “Böyük dəbilqə”sində 3-cü yer tutaraq 500 xal qazanan Kəramət Hüseynov (60 kq) əmsalda mövqeyini bir qədər də yaxşılaşdırıb. Allsport.az saytının məlumatına görə, o, hazırda 1850 xal ilə 33-cü sıradadır. Buna rəğmən, idmançımız Tokio-2020-yə vəsiqə verən ilk 22-liyə düşüb.

Səbəb, bizdən öndə qərarlaşan 8 ölkə – Özbəkistan (3), Gürcüstan (3), Rusiya (3), Qazaxıstan (2), Monqolustan (2), Yaponiya (2), Koreya (2) və Fransanın (2) iki və daha artıq cüdoçunun siyahıda yer almasıdır. Qaydaya əsasən, “dördillik”də hər çəkidə bir ölkədən yalnız bir tatami ustası iştirak edə bilər.

Sözü gedən idmançımızdan sonrakı pillədə 1800 xalla onun komanda yoldaşı Davud Məmmədsoy dayanıb. Təmsilçilərimizdən sonra gələn Braziliya, Rusiya və Monqolustanın yuxarı sıralarda cüdoçuları olduğundan, bizimkilərdə imkanlar ümidvericidir.

Üstəlik, Kəramətlə Davud 1-3 apreldə Antalyada növbəti “Böyük dəbilqə”də xallarını bir qədər də artırma fürsəti qazanacaqlar. Lisenziya xallarının hesablanması iyunun 28-də dayandırılacaq.

81 kq-da Murad Fətiyev də 1926 xalla 33-cü yerdədir. Amma onda durum bir qədər çətindir, idmançımız Tokio olimpiadasına yollanmaq üçün, ən azı 2-3 yarışda fəxrü kürsüdə qərarlaşmalıdır.

Həmin kateqoriyadan