“Legiya”nın baş məşqçisi: “Mahirin başla zərbəsi qol olsaydı…”

Polşanın “Legiya” komandasının baş məşqçisi Çeslav Mixneviç ekstraklasanın 9-cu turunda “Rakuv”a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, o, 2:3 hesabıyla uduzduqları oyunla bağlı bunları deyib:

“Oyuna yaxşı başladıq. Topu saxladıq, oyuna nəzarət etdik. Andre Martinsin dəyərləndirə bilmədiyi yüz faizlik qol imkanımız oldu. Daha sonra səhv etdik və rəqib hesabı açdı. Rəqibə qolu hədiyyə etdik. Bundan sonra Mahir Əmrəlinin gözəl zərbəsindən sonra fərqi azaltdıq. Meydanda bərabər oyun gedirdi və daha çox qol imkanları yaratdıq.

Dəyişikliklər etdik. Yaxşı qol imkanlarımız olsa da, dəyərləndirə bilmədik. Ən azından hesabı bərabərləşdirmək üçün iki çox yaxşı imkanımız oldu. Biri Rafa Lopesin zərbəsi idi. Digəri isə Mahirin son dəqiqələrdəki qol imkanı. Əmrəlinin başla zərbəsi qol olsaydı, hesab bərabərləşəcəkdi və növbəti qol haqda düşünməyə başlayacaqdıq. Amma olmadı. “Rakuv” imkanlarını dəyərləndirdi, biz yox. Buna görə məğlub olduq”.

Həmin kateqoriyadan