Maksim Voluvaç: “Təhsil” çempionatı mükafatsız bitirmək niyyətində deyil

Aprelin 29-da kişi həndbolçuların superliqasında mükafatçılara aydınlıq gələcək. Qızıl medal uğrunda görüşdə “Məhsul” paytaxtın eyni adlı komandası, 3-cü yer üçün “Təhsil” RİOEUGİM ilə qarşılaşacaq. “Tələbələr” bu çempionatda finala yaxın idi, amma “Bakı” klubu ilə gərgin 2 oyunda son anda yenildilər. Komandanın qapıçısı Maksim Voluvaç bir neçə məqamda mühüm qurtarışlar edib. Ukraynalı legionçu allsport.az saytına açıqlamasında, superliqada ümumi mənzərədən razı qaldığını dedi:

“Ölkə çempionatı xoşuma gəldi. Gərgin rəqabət vardı. Elə Bakını da bəyəndim. Komanda yoldaşlarım şəhərlə tanış etdilər. Burada özümü rahat hiss edirəm. Məşqçilər heyəti, klub yoldaşlarım daim dəstək verirlər. Təəssüf ki, finala çıxmağa azacıq gücümüz çatmadı. Bu bir az məni kədərləndirir. Belə hər şey əladır”.

Maksim Voluvaç əlavə etdi ki, “Təhsil” çempionatı mükafatsız bitirmək niyyətində deyil və sərfəli təklif olarsa, 1 mövsüm də Azərbaycanda oynayar: “Rəqib gənclərdən təşkil olunsa da, var güclərini ortaya qoyacaqlar. Ona görə demək olmaz ki, bizə asan olacaq.

Sərfəli təklif müqabilində, 1 mövsüm də burda çıxış etmək istərdim. Azərbaycanda şərait yaxşıdır. Həndbolda rəhbərlik dəyişib, yeni nəfəs gəlib, inkişaf var. Bunu Ukrayna millisinin heyətində Azərbaycana qarşı oyunda da hiss etdim.”.

 

Həmin kateqoriyadan