Marina Durunda: “Ölkəmizi öz evimizdə layiqincə təmsil etmək istəyirəm”

2015-ci ilin yayında Bakıda keçiriləcək Avropa Oyunları ərəfəsində, qərara gəldik ki, bu möhtəşəm idman tədbirində iştirakı gözlənilən gimnastlar ilə həmsöhbət olaq. Allsport.az xəbər verir ki, siyahıda ilk yerdə, bədii gimnastika üzrə dünya kuboklarının çoxsaylı mükafatçısı, ölkənin 2 qat mütləq çempionu və Avropa Oyunlarının səfiri Marina Durundadır.

– Öncə gimnastikaya gəlişin haqda danışardın. Necə oldu ki, məhz bu idman növünü seçdin?
– Mənim 4 yaşım olanda, atam məni zala gətirdi. Qohumum gimnastikayla məşğul olurdu və mən də bütün bunları öyrənmək istəyirdim. Bir az kilolu idim (gülür) və təbii olaraq mənə rəqslə məşğul olmağı tövsiyə etdilər. Lakin mən məşq etmək istəyirdim, buna görə də idmanda qaldım.

– Necə düşünürsən, başqa idman sahəsində uğurlu ola bilərdinmi?
– Əgər başqa idman növünü bədii gimnastika kimi bəyənsəydim, düşünürəm ki, məndə alınardı. Lakin heç bir başqa idman növü mənim bu qədər xoşuma gəlmir.

– Yarış günü emosiyalarınla necə bacarırsan? Təmkinli olmağının sirri nədədir?
– Düşünürəm ki, bu təcrübədən irəli gəlir. Tez-tez çıxış etdikdə, daha asan olur. Əbəttə, özünü də motivasiya etməlisən. Xüsusi sirri yoxdur, əsas odur özünə inanasan, o zaman hər şey alınır.

– Fikrincə, hər hansı idman növündə vacib olan nədir?
– Özünə inam, səbr və əmək. O zaman hər şey alınacaq. Nizam-intizam da vacibdir. Və bir də, məşqçiyə qulaq asmaq vacibdir. Dinləmək, eşitmək və əməl etmək.

– Peşəkar idmanla məşğul olmaq nə dərəcədə təhlükəlidir? Yoxsa bu idman növündən asılıdır?
– Düşünürəm ki, bu, idman növündən asılıdır. Təhlükəli idman növləri də var. Misal üçün idman gimnastikası, bədii gimnastikaya nisbətən daha təhlükəlidir. Bədii gimnastika isə elə də təhlükəli deyil.

– İdmanda kumirin varmı?
– Bəli, 2 qat Olimpiya çempionu Yevgeniya Kanayeva.

– Bir az da yaxın gələcək üçün idman planlarından danışardın…
– Öncə Minskdə keçiriləcək Avropa Çempionatında layiqincə çıxış etmək, sonra Bakıda təşkil olunacaq ilk Avropa Oyunlarında, daha sonra əlbəttə ki, Olimpiyadaya lisenziya əldə etmək üçün Ştutqartda keçiriləcək Dünya Çempionatında iştirak etmək. Bu lisenziyanı qazanmağı çox istəyirəm.

– Avropa Oyunları sənin üçün nə kəsb edir və sən ona necə hazırlaşırsan?
– Avropa Oyunları mühüm hadisədir. Mən çox qürurlanıram ki, tarixdə ilk Avropa Oyunları məhz Bakıda keçiriləcək. Bu oyunlarda iştirak etmək çox şərəflidir. Ümumiyyətlə, mənim üçün bu vacib yarışdır, ölkəmizi öz evimizdə layiqincə təmsil etmək istəyirəm. Bu yarışa ən vacib yarış kimi hazırlaşıram. Artıq yeni mövsümdür, yeni çıxışlar hazırlamışıq və hakimləri və tamaşaçıları təəccübləndirəcəyik.

– İdmandan bir az uzaqlaşsaq, reallaşdırmaq istədiyin başqa arzuların, məqsədlərin varmı?
– Yaxşı övlad, bacı, rəfiqə, sadəcə, yaxşı insan olmaq istəyirəm. Gələcək üçün başqa məqsədlərim hələ ki, yoxdur.

– İdmanla gündəlik həyatını birləşdirə bilirsənmi?
– Boş vaxtlarımda gəzməyə çıxırıq, kinoya gedirik. Düşünürəm ki, biz bunlara idmançı olmayanlardan daha az vaxt sərf edirik.

– Öz ailən haqda danışardın…
– Mənim 2 qardaşım var. Onları çox sevirəm və onlar üçün çox darıxıram. Ümumiyyətlə, valideynlərimə çox minnətdaram ki, məni məhz bu idman növünə gətiriblər, bütün karyeram boyu məni dəstəkləyiblər və hələ də dəstəkləyirlər. Onları çox sevirəm.

– Sevdiyin şəxs varmı?
– Xeyr (gülür).

– Adətən azarkeşlərin tribunlardan səni necə dəstəkləyirlər və sən onlardan nə eşitmək istərdin?
– Adətən “Marina irəli” – deyə, səslənirlər. Ümumiyyətlə, xalçaya çıxmazdan əvvəl onların necə “Azərbaycan” dediklərini eşidirəm və çox təsirlənirəm. Bu, çox xoşdur. Sadəcə başa düşürsən ki, bütün zal səni dəstəkləyir. Bu, insanı ruhlandırır.

– Onlara nə demək istərdin?
– Dəstəyiniz üçün çox sağ olun.

Həmin kateqoriyadan