Mehman Əzizov səbəb olmadan cüdo millisindən kənarlaşdırılıb. Baş katib onun yerinə əmisi oğlunu gətirdib

Azərbaycan cüdo federasiyasında haqsızlıq və bundan irəli gələn gərginlik davam edir. Milli komandada uzun illər təcrübə toplamış və uğur qazanmış idmançıları bir-bir dənləyən yeni rəhbərlik, indi də məşqçilərə keçib. Mövlud Mirəliyevi qaçırdan “rabitəçilər”, ötən şənbə səhər digər böyük məşqçi Mehman Əzizovu işdən uzaqlaşdırıblar. Onu hansı səbəbə vəzifəsindən azad etdiklərini nə özünə, nə də ictimaiyyətə məlumat veriblər. Mütəxəssis 10 ildir ki, seçmədə çalışıb və komanda ilə bir çox uğurlara yetişib. Onun cüdoçu karyerasına da zəngindir: 3 dəfə olimpiya oyunlarının iştirakçısı olub, Avropa çempionatının gümüş medalını qazanıb.

3-5 noyabrda Fransanın Monpelye şəhərində Avropa çempionatı keçiriləcək. Maraqlıdır ki, səfər siyahısında Mehman Əzizovun da adı olub. Ona hətta bilet də alınıbmış. ACF-in qəfil belə addın atmağı müəyyən müzakirəyə və söz-söhbətə yol açıb. Əldə etdiyimiz bilgiyə görə, bu gün onun yerinə Abdulhaq Rəsullu təyin olunub. O, baş katib Rəşad Rəsullunun əmisi oğludur (!). İdmançı karyerasında 81 və 90 kq-da çıxış edib, beynəlxalq yarışlarda fərqlənib. Pandemiyadan sonra məşqçiliyə başlayıb və gənclər yığmasında Elxan Məmmədovun yanında yer alıb.     

ACF-dən sızan bilgiyə görə, “İdman” TV-də çalışan, öz obyektivliyi ilə seçilən, cəsarətli fikirləri ilə tanınan Vüqar Vüqarlını sabah federasiyaya dəvət ediblər. Səbəb, onun bu xəbəri sosial şəbəkədə yaymasıdır. Həmkarımızın həyatının təhlükədə olub-olmadığı bilinmir. Bəllidir ki, artıq Azərbaycan cüdosunda qətl hadisələri adi hala çevirilib. Ona susması müqabilində əməkdaşlıq təklif olunması da istisna deyil. Baş katib tənqidlərdən yayınmaq üçün, KİV nümayəndələrini dövlətin maliyyəsi hesabına yurd dışı yarışlara ezam etdirir.

Həmin kateqoriyadan