Milli paralimpiya komitəsinin prezidenti Yaponiyanın Şika şəhərinin meri ilə görüşüb

Milli paralimpiya komitəsinin prezidenti İlqar Rəhimov ilə Yaponiyanın Şika şəhərinin meri Koizumi Masaru arasında görüş keçirilib. Allsport.az saytı xəbər verir ki, onlayn formatda təşkil olunan toplantıda komitə haqqında məlumat verilib. Qeyd edilib ki, 1996-cı ildə iki idmançı ilə başlanılan Azərbaycan paralimpiya hərəkatına bu gün minlərlə idmançı qoşulub. İdmançılarımız bu günə qədər 6 paralimpiya oyununda iştirak edib, onlarla medal qazanıblar. İdmançılarımızdan 7-si paralimpiya çempionlarıdır ki, onların da 2-si 2-qat paralimpiya çempionudur.

İlqar Rəhimov komitə ilə Şika şəhəri arasında 2020-ci ildə imzalanmış memorandum çərçivəsində azərbaycanlı paralimpiyaçıların Tokio-2020-yə qatılması ərəfəsində Şikada hazırlıq keçmələri üçün yaradılmış yüksək şərait üçün təşəkkürünü bildirib. Komitə prezidenti onu da qeyd edib ki, hazırlıq mərhələsi oyunlarda göstəriləcək nəticələrə müsbət təsir göstərəcək.

Şika şəhərinin meri ölkəsinin paralimpiya dəyərlərinə önəm verdiyini bildirib, AMPK və Şika şəhəri ilə əlaqələrin gələcəkdə möhkəmləndirilməsini vacib hesab edərək müxtəlif sahələrdə birgə iş qurulmasını dəstəklədiyini deyib. Eyni zamanda, mer Azərbaycan paralimpiyaçılarının Şikada Tokio-2020 yay paralimpiya oyunlarına hazırlıq keçməsini hər iki ölkə arasında dostluq münasibətlərinin yüksək səviyyədə olduğunu göstərdiyini vurğulayıb.

Sonra tərəflər gələcək əməkdaşlıq ilə bağlı bir sıra məsələləri müzakirə ediblər. Görüşdə AMPK-nin baş katibi Kamal Məmmədov və Şika şəhərinin xarici əlaqələr üzrə rəhbəri də iştirak ediblər.

Həmin kateqoriyadan