Moldova paralimpiya komitəsinin prezidenti Bakıda

Moldova paralimpiya komitəsinin prezidenti, paralimpiya çempionu Oleq Kretsul Bakıya gəlib. Allsport.az xəbər verir ki, məşhur idmançı Heydər Əliyev fondu və milli paralimpiya komitəsinin birgə təşkilatçılığı ilə keçiriləcək “Yenilməzlər” adlı beynəlxalq qala təqdimatda iştirak etmək üçün Bakıya dəvət olunub.

Təqdimatda Kretsulun da çıxışı olacaq.

Kretsul gəncliyində beynəlxalq və ümumittifaq cüdo və sambo turnirlərinin dəfələrlə qalibi olmuşdur. 16 yaşında yeniyetmələr arasında SSRİ çempionatında birinci yeri qazanmış, 21 yaşında isə cüdo üzrə beynəlxalq dərəcəli idman ustasının tələblərini yerinə yetirmişdir. 1996-cı il Atlanta olimpiya oyunlarının iştirakçısıdır.

1997-ci ildə keçirdiyi avtomobil qəzasında həyat yoldaşı vəfat edir, özü isə aldığı zədələr nəticəsində görmə qabiliyyətini tamamilə itirir. Bir müddət sonra yenidən cüdoya qayıdır, amma bu dəfə paralimpiyaçı kimi.

Paralimpiya hərəkatına qoşulduqdan sonra Kretsulun mükafat və titullarının siyahısı sürətlə böyüməyə başlayır. O, Pekin-2008 yay paralimpiya oyunlarının qalibidir, dördqat dünya və üçqat Avropa çempionudur, əməkdar idman ustasıdır.

Həmin kateqoriyadan