Munibə Məzari milli paralimpiya komitəsində

Xəbər verdiyimiz kimi, BMT-nin Pakistandakı xoşməramlı səfiri Munibə Məzari “Yenilməzlər” adlı beynəlxalq qala təqdimatda iştirak etmək üçün Bakıda səfərdədir. Allsport.az xəbər verir ki, bu gün qonaq milli paralimpiya komitəsinin prezidenti İlqar Rəhimov ilə görüşüb. Toplantıda komitənin 1-ci vitse-prezidenti Natiq Qasımov, baş katib Kamal Məmmədov və komitənin digər əməkdaşları da iştirak ediblər.

MPK prezidenti İlqar Rəhimov qonağı salamladıqdan sonra ölkəmizdə əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası məsələsindən söz açıb. İdmanın əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası üçün mühüm istiqamət olduğunu deyən İlqar Rəhimov qeyd edib ki, Azərbaycan dövlətinin bu məsələyə diqqəti böyükdür.

“Bu gün Azərbaycan dövləti paralimpiyaçılara, ümumilikdə əlilliyi olan şəxslərin idman vasitəsi ilə cəmiyyətə inteqrasiya olunmasına böyük diqqət yetirir. Azərbaycan iqtisadiyyatı bu gün inkişafının elə bir səviyyəsinə çatıb ki, ölkəmizdə iş adamları da öz sosial sərmayələri sayəsində cəmiyyətin inkişafına öz töhfələrini vermək istəyirlər. “Yenilməzlər” şirkətlərin korporativ sosial məsuliyyət strategiyalarının müəyyənləşməsi üçün mühüm istiqamətverici tədbir olacaq”, – deyə o əlavə edib.

MPK prezidenti qeyd edib ki, rəhbərlik etdiyi komitə idman təşkilatı olmaqla yanaşı, ölkəmizdə əlilliyi olan şəxslərin böyük bir hərəkatına çevrilib. Qonaq, öz növbəsində, Bakıya dəvət olunmasından məmnun olduğunu dilə gətirib. O dəvətə görə Heydər Əliyev fonduna və milli paralimpiya komitəsinə minnətdarlığını bildirib.

Munibə Məzari daha sonra qeyd edib ki, dünyada əlilliyi olan şəxslərin motivasiya edilməsi üçün işlər görür. Amma iki gün ərzində Azərbaycanda görüşdüyü, tanış olduğu insanlar və onların həyat hekayələri onun özü üçün motivasiya mənbəyi olub. Bakıda keçiriləcək tədbirlərin məhsuldar olacağı ilə bağlı inamını dilə gətirib.

Həmin kateqoriyadan