“Məqsədimiz qalib olub, olimpiyadaya lisenziya xallarını artırmaq idi”

Çinin Qinqdao şəhərində keçirilən cüdo üzrə qran-pri yarışın ilk günündə Nicat Şıxəlizadə (66 kq) bütün rəqiblərinə qalib gələrək, qızıl medala sahib çıxıb. Allsport.az saytı xəbər verir ki, tatami ustası yarışdan sonra turnirlə bağlı fikirlərini açıqlayıb:

– Bildiyiniz kimi Çin qran-prisi ən güclü yarışlardan biridir və biz bu yarışa çox ciddi hazırlaşmışdıq. Məqsədimiz qalib olub, olimpiyadaya lisenziya xallarını artırmaq idi. Bu tapşırığın öhdəsindən gəldim və 300 xalı götürərək reytinq cədvəlində yerimi möhkəmləndirdim.

– Rəqiblərin haqda fikirlərini bilmək istərdik…
– Rəqiblər haqda onu deyə bilərəm ki, ilk görüşümlə yarımfinal görüşüm bir az çətin keçdi. Buna baxmayaraq, qalib gələ bildim. Finala isə inamla, qalib olmaq üçün çıxmışdım. Amma düşünmürdüm ki, ilk dəqiqədən “ippon”la udum. Çünki rəqibim çox güclü idmançı idi.

– Yeni məşqçi gəldikdən sonra hazırlıqlar necə keçir?
– Məşqlərimiz çox yüksək səviyyədə keçir. Onu deyə bilərəm ki, biz son zamanlar iştirak etdiyimiz bütün yarışlarda yüklənmə hazlığı ilə dincəlmədən çıxış edirik və bu bizim məşqçinin proqramıdır. Ona güvənirik. İnşallah, qarşıda daha yaxşı nəticələrin olacağına inanırıq.

– Gələn həftə baş tutacaq Koreyadakı yarış haqqında fikirlərini bilmək istərdik.
– Koreyada keçiriləcək qran-pri yarışının da bizim üçün uğurlu olacağına inanıram. Ümid edirəm ki, orda da komandamız layiqincə çıxış edib medallar qazanacaq.

Həmin kateqoriyadan