“Azərbaycan millisindən yaxşı olduğumuzu göstərməliyik”

“Səfərdə qələbə qazanmaq çətindir. Milli komandamız qarşıdakı matçda rəqibindən daha yaxşı olduğunu göstərməlidir”.

Allsport.az xəbər verir ki, bu fikirləri İrlandiya millisinin sabiq futbolçusu Con O Şi Bakıda Azərbaycan yığmasına qarşı keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə oyunundan əvvəl “The Sun” nəşrinə açıqlamasında deyib.

İngiltərənin “Mançester Yunayted” klubunda çıxış etmiş 40 yaşlı sabiq müdafiəçi İrlandiya seçməsinin Bakıda məğlub olmaq istəmədiyini bildirib: “Futbolçular həm fərdi, həm də kollektiv şəkildə özlərinə güvənməlidirlər”.

Hazırda ölkəsinin 21 yaşadək futbolçulardan ibarət yığmasında köməkçi-məşqçi vəzifəsini yerinə yetirən mütəxəssis əsas komandanın oyunçularının yerli auditoriyanın təzyiqindən çıxmasının vacib olduğunu söyləyib: “Səfərdə oynadığınız zaman mütləq təzyiqlə üzləşirsən və bundan qurtulmağa da məcbursan. Aşağı səviyyəli komandaların müdafiə xəttini dağıtmaq daha çətindir. Futbolda ən çətin iş qol vurmaqdır. Üstün oyun sərgilədiyin zaman isə bunu nəticədə əks etdirmək mütləqdir”.

Oktyabrın 9-da Bakı olimpiya stadionunda keçiriləcək Azərbaycan – İrlandiya matçı saat 20:00-da başlayacaq.

Həmin kateqoriyadan