“Ocaq”ın bədii gimnastları Bolqarıstanda uğurlu nəticə göstəriblər

Bolqarıstanın Plovdiv şəhərində keçirilən beynəlxalq gimnastika turnirində “Ocaq” idman klubunun gənc üzvləri debüt ediblər. Allsport.az saytı xəbər verir ki, Ülkər Hüseynova, Fatimə Əkbərova, Güllü Ağalarzadə, Məryəm Səfərova, Narın Qurbanovadan ibarət qrup hərəkətləri komandası 15 kollektiv arasında qalib olub.

Fərdi proqramda mübarizə aparan aşağı yaş qrupuna aid gimnastlarımız da uğurla çıxış edərək medalların sayını artırıblar. Komandamıza 2-ci və 3-cü qızıl medalı qazandıran Nərmin Bayramova, çoxnövçülükdə və topla hərəkətlərdə hamıdan üstün olub. Digər gimnastımız Kamilla Əliyeva alətsiz çıxışda gümüş medala layiq görülüb. Komandanın ən gənc üzvü Alina Məmmədova isə çoxnövçülükdə doqquzuncu yerlə kifayətlənib.

Sonra fərdi idmançılar arasında daha böyük yaş kateqoriyasına aid olan yeniyetmə gimnastlar mübarizəyə qoşulublar. Həm fərdi, həm də qrup komandasının tərkibində uğurla çıxış edən Narın Qurbanova halqa ilə hərəkətlərdə birinci yeri tutub. Alətsiz çıxışlarda isə Fəridə Şəfiyarzadə bürünc medala sahib olub.

Gənclər kateqoriyasında mübarizə aparan Zöhrə Ağamirova ip və halqa ilə hərəkətlərə görə iki gümüş medal əldə edib. Onunla eyni yaşda olan Ayna Cəfərova isə topla çıxışlarda altıncı nəticə göstərib.

Bundan başqa, “Ocaq” klubunun təmsilçiləri “Ən yüksək artistlik bacarığı” nominasiyasında mükafata layiq görülüblər. Bu mükafat yarışların təşkilatçıları tərəfindən Eleonora Yusifovaya təqdim olunub.

Həmin kateqoriyadan