- Baxış sayı: 99
- 10 Sentyabr 2026 17:23
- Baxış sayı: 239
- Sentyabr 15, 2026
- 0

Azərbaycan cüdo federasiyasının prezidenti Rəşad Nəbiyev ötən həftə yeniyetmə və gənclərdən ibarət millinin üzvləri ilə görüşüb. O, cüdoçuları 20–23 avqustda Ekvadorun Quayakil şəhərində yeniyetmələrin dünya birinciliyində və 3–6 sentyabrda Qaradağın paytaxtı Dağaltıda (Podqoriçada) gənclərin Avropa çempionatında qazandıqları nəticələr münasibətilə təbrik edib. Nazir, nəticələrlə yanaşı, idmançıların yarışlar boyunca, özəlliklə, çətin məqamlarda göstərdikləri əzmkarlığın önəmini diqqətə alıb. Qeyd edib ki, bu nəticələr federasiyada aparılan məqsədli və hərtərəfli işin göstəricisidir və qazanılan nailiyyətlərdə məşqçi və tibbi heyətin, digər mütəxəssislərin, ümumilikdə ACF-in bütün əməkdaşlarının əməyi var.
O, əsas hədəfin yeniyetmə və gənclər səviyyəsində qazanılan uğurların gələcəkdə böyüklər arasında da davam etdirilməsi olduğunu bildirib. Rəşad Nəbiyev federasiyanın əsas hədəflərinin dəyişmədiyini, idman nəticələri ilə yanaşı, nizam-intizam və ehtiram kimi cüdo dəyərlərinə sadiqliyin mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Cüdoçulara əldə etdikləri nəticələrlə kifayətlənməməyi, daim öz üzərlərində çalışmağı, həmçinin idman karyerası ilə yanaşı, təhsilə də önəm verməyi tövsiyə edib; idmançılarla fərdi söhbətlər aparıb, onların hazırlığı və gələcək hədəfləri ilə maraqlanıb.

Allsport.az saytı xatırladır ki, gənc oğlanlarda böyük məşqçi Rüstəm Alimli, məşqçi Elxan Rəcəbli və Kotaro Sosakinin rəhbərliyi ilə Ayxan Mirzəzadə (60 kq), Məhəmməd Musayev (66 kq) və Süleyman Şükürov (90 kq) qızıl, Davud Namazlı (100 kq) və Ramazan Əhmədov (+100 kq) bürünc medala yiyələniblər.
Yeniyetmə cüdoçularda böyük məşqçi Emin İsgəndərov və məşqçi Nicat Şıxəlizadənin başçılığı ilə Fərid Rzazadə (50 kq) 1-ci, Ayxan Həsənli (81 kq) 3-cü olub.

Təəssüf ki, oğlanlardan fərqi, qızlarımız bu dəfə də ümidləri doğrultmayıblar: gənclərdə Nərgiz Əhmədova, Gülgəz Musayeva (48 kq), Aysun Məmmədova (52 kq), Aytən Verdiyeva, Xədicə Qədəşova (hər ikisi – 57 kq); yeniyetmələrdə Sunay Salamova, Zəhra Quliyeva (40 kq), Pərvin Sevxanlı (44 kq), Könül Eyvazlı (48 kq) fəxri kürsüyə çıxa bilməyiblər. Maraqlıdır ki, 29 iyul – 1 avqustda İspaniyanın Qran Qanariyada adasında keçirilmiş yeniyetmələrin Avropa birinciliyində qızlarda Zəhra Quliyeva (40 kq) qızıl, Könül Eyvazlı (48 kq) bürünc medal qazanmışdı. Amma onlar bir ay sonra – mövsümün ən güclü sınağında – dünya çempionatında mükafatdan kənar qalıblar. Ötən il 4-6 sentyabrda Slovakiya paytaxtı Bratislavada (ötən ay həmin məkanda gənclərin dünyasında qız güləşçilərimiz 2 gümüş qazanıblar) gənclərin Avropa birinciliyində və 5-7 oktyabrda Perunun baş şəhəri Limada bu yaş dərəcəsində dünya çempionatında cüdoçu qızlarımız 7-liyə belə düşə bilməyiblər. Gənc qızlarda bu uğursuzluq sabah əsas milliyə ümidsiz yanaşmağa zəmin yaradır.
Acınacaqlı və məyusedici hal odur ki, 90 kq-da Aslan Kotsoyev nəinki mükafatçılar, heç 7-likdə görünməyib. Həmin idmançı ki, düz və ya səhv, haqlı və ya haqsız, gənclər millisində Tuncay Şamil ilə qalmaqal üzündən azərbaycanlı cüdoçunun bütün gələcəyini məhv edib! O legionçu ki, uddu-uduzdu fərqi yoxdur – qardaşı Zəlim Kotsoyev (olimpiya, dünya və Avropa çempionu) arxasında dağ kimi dayanıb – ona səyyah kimi də yollanmaq olar.

Qadınlarda əsas söz sahibi Əminə Əbdüllətif, İmamverdi Məmmədov, Saşa Herkenratdır. Adı ilk çəkilən Əlcəzair əsilli fransalı, digəri almaniyalıdır. Əminə ölkəmizə gələndə, onun heç yüksək məşqçi dərəcəsi yox idi. Əbdüllətif üçün buradan təşkil etdilər. Nəticəyə gələndə, qadınlarda durum ürəkaçan deyil. Qəribədir ki, uğurun olmamasına rəğmən, əcnəbilər hələ də fəaliyyətlərini davam etdirirlər. Hansı səbəb onları burada saxlayır? Maraqlı və müəmmalıdır. Çox söz-söhbət gəzə bilər, amma durum ortadadır.
Millidə yeniyetmə qızların məşqçiləri – Elnur İsmayılov və Əmrah Əhmədovun idmançı kimi ciddi nailiyyətləri olmayıb. Hər 2 çalışdırı öz üzərində hələ çox işləməlidir. Əsas uğur dünya birinciliyi ilə ölçülür ki, o da son dəfə 2023-cü ildə qeydə alınıb: Xorvatiya paytaxtı Zaqrebdə 52 kq-da Xədicə Qədəşova 1-ci olub.