Ölkə başçısı Ramil Quliyevi təbrik edib: “Biz Azərbaycanda səninlə fəxr edirik”

Ölkə başçısı İlham Əliyev atletika üzrə dünya çempionu olan Ramil Quliyevi təbrik edib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan prezidenti Londonda keçirilən planetin ən güclülərinin yarışında tarix yazan həmyerlimizin uğurunu yüksək qiymətləndirib. AzərTac-da dərc olunan təbrikdə deyilir:

“Əziz Ramil.

İlk növbədə səni yüngül atletika üzrə dünya çempionu adını qazanmağın münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Qeyd etmək istərdim ki, tarixdə ilk dəfə olaraq azərbaycanlı idmançı yüngül atletika üzrə dünya çempionu olub. Xüsusilə sevindirici haldır ki, sən qələbədən sonra Azərbaycan və Türkiyə bayraqlarını qaldırdın. Bu, onu göstərir ki, sən öz xalqına bağlı, vətənpərvər insansan.

Sən bu gün Türkiyəni təmsil edirsən. Ancaq idmanda ilk addımlarını Azərbaycanda atmısan.

Bu qələbə münasibətilə Türkiyəni də təbrik edirəm. Sənin qələbən, eyni zamanda, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığının növbəti təzahürüdür. Biz Azərbaycanda səninlə fəxr edirik.

Sənə idmanda yeni qələbələr arzulayıram”

Həmin kateqoriyadan