Ölkə başçısı cüdo millisi üçün yaradılan şəraitlə tanış olub. Açılışda Fərid Qayıbov niyə görünməyib?

Azərbaycan prezidenti İlham Əliyev, Bakıda cüdo üzrə milli komandalar üçün təlim-məşq mərkəzində əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub. Allsport.az saytı xəbər verir ki, cüdo federasiyasının prezidenti Rəşad Nəbiyev dövlətimizin başçısına orada yaradılan şəraitlə bağlı məlumat verib. Olimpiya növləri üzrə milli komandalar üçün təlim-məşq mərkəzi 1967-ci ildə istifadəyə verilib.

Bir vaxtlar “Neftçi”nin bazası kimi şöhrət tapan bu idman kompleksi şəhərin mərkəzində, Azadlıq prospekti 149 ünvanında yerləşir. Kompleksin adı 1997-ci ildə dəyişdirilərək olimpiya növləri üzrə milli komandalar üçün TMM-ə çevrilib. İdman qurğusu fəaliyyətini bundan sonra cüdoçular davam etdirəcək.

Diqqətə çatdırılıb ki, mərkəzdə əsaslı təmir və tikinti işləri yüksək keyfiyyətlə aparılıb və bu ilin noyabrında başa çatdırılıb. Ümumi ərazisi 2,2 hektar olan idman qurğusunda bütün zəruri infrastruktur yaradılıb. TMM müasirliyi ilə diqqəti cəlb edir.

Mərkəzdə qadınlar və yeniyetmələr üçün böyük idman zalı yaradılıb. Burada eyni zamanda 60 idmançı məşq edə biləcək. Əsaslı təmir zamanı TMM-in uzunluğu 96 metr və eni 72 metr olan stadionunun süni ot örtüyü də dəyişdirilib. Həmçinin stadion müasir işıqlandırma sistemi ilə təchiz edilib.

Dövlətimizin başçısı əsas binada yaradılan şəraitlə də tanış olub. Burada kişilər və gənc oğlanlar üçün nəzərdə tutulan məşq zalında eyni vaxtda 100 idmançı məşq edə biləcək. Mərkəzdəki bütün məşq zalları Beynəlxalq cüdo federasiyasının standartlarına uyğun olan tatamilər ilə təchiz olunub. İdman qurğusunun fiziki hazırlıq zalı da ən yüksək standartlara cavab verir. Məşqçilərin otaqlarında da məhsuldar fəaliyyət üçün hər cür şərait yaradılıb.

TMM-in əhəmiyyətini artıran amillərdən biri də burada 28 yerlik müasir otel bölməsinin yaradılmasıdır. Oteldə həm idmançıların, həm də məşqçilərin qalması və istirahəti üçün hər cür imkan var. Mərkəzdə çalışacaq 50-dən artıq əməkdaş üçün də əsas binada hər bir şərait yaradılıb. Buradakı restoranda idmançılara yüksək səviyyədə xidmət göstəriləcək. Kompleksdə idmançıların sağlamlığı da nəzərə alınıb. Həkim otağı, fizioterapiya və masaj otaqları idmançıların ilkin reabilitasiyası və müalicəsi üçün lazımi cihaz və avadanlıqlarla təchiz edilib. İdman qurğusunun həyətində geniş abadlıq-quruculuq işləri görülüb, yaşıllıqlar salınıb.

Açılışda gənclər və idman naziri Fərid Qayıbov iştirak etməyib. Çox güman, lazım bilinməyib. Təlim-məşq mərkəzi onun rəhbərlik etdiyi qurumun nəzdindədir. Həmin günü o ölkədə olub: “Nizami” kinoteatrında “Stadionlar səssiz olanda” filminin təqdimata qatılıb, arxa cərgələrdə əyləşərək görüntünü seyr edib. Gənclər və idman nazirliynin dəstəyi ilə hazırlanan idman dramı hazırda ölkəmizin ən uğurlu məşqçilərindən sayılan Qurban Qurbanova həsr olunub.

Həmin kateqoriyadan