Ölkə idmanında növbəti ölüm hadisəsi. Bu dəfə azyaşlı! Gənclər və idman nazirliyi bizi hara aparır?

Sumqayıtda 7 yaşlı uşağın idman zalında aldığı xəsarət nəticəsində həyatını itirməsi ilə bağlı yayılan xəbərdə cüdo idman növünün adı çəkilir və bununla əlaqədar kütləvi informasiya vasitələrindən Azərbaycan cüdo federasiyasına (ACF) çoxsaylı sorğular daxil olub.

Allsport.az saytı xəbər verir ki, ACF bütün cüdo ailəsi adından bədbəxt hadisə nəticəsində vəfat etmiş Fərid Bakarovun ailəsinə dərin hüznlə baş sağlığı diləyir, mərhumun vəfatından kədərləndiyimizi bildirir.

İctimaiyyətin diqqətinə çatdırır ki, mətbuatda gedən xəbərlərdə məşqçi kimi adı çəkilən Mehman Xəlilov cüdo idman növü üzrə məşqçi deyildir. Belə ki, o, rəsmi olaraq başqa idman növü üzrə fəaliyyət göstərib və hadisənin baş verdiyi məşq də rəsmi olaraq digər idman növü üzrə keçirilib.

ACF, məşq zamanı məşqçilərin müvafiq təhlükəsizlik prosedurlara riayət etmələrinə və idmançılarının təhlükəsizliyinin təmin olunmasına xüsusi önəm verdiyini qeyd edib. Cüdo məşqləri zamanı azyaşlı uşaqların üzərində mürəkkəb fəndlərin göstərilməsi qəti qadağandır. Həmçinin, məşqlərə yeni başlayan uşaqlara ilk növbədə təhlükəsiz yıxılmalar öyrədilir və yalnız bir neçə aydan sonra müvafiq sadə fəndlərin öyrədilməsinə başlanılır. Bütün bu məsələlərə Beynəlxalq cüdo federasiyasının akademiyası ilə birlikdə təşkil edilən məşqçilik kurslarında və seminarlarda xüsusi diqqət yetirilir.

O da qeyd edilib ki, ACF tərəfindən 13 yaşa qədər uşaqların yarışlarında sağlamlığa xətər yetirə biləcək fəndlərin, xüsusilə başın yerə qoyulmasına səbəb ola biləcək fəndlərin istifadə olması qadağan edilib və məşqçilərə bu məsələyə diqqətlə yanaşmaları üçün qəti şəkildə tapşırıq verilib. Qadağan olunmuş fəndlərə daxildir: “Ura-nage”, “Yoko-guruma”, “Yoko-otoshi”, “Tani-otoshi”, “Sode-tsurikomi-goshi”, “Tomoe-nage’’, “Makikomi” texnikaları və iki qolu götürməklə atılan bütün fəndlər. Həmçinin, hücum və ya əks hücum edərkən diz və ya dizlərindən istifadə edərək fənd tətbiq etməyə cəhd edilməsi (məsələn, dizləri yerə qoymaqla çiyin üzərindən atmalar) qadağan edilib.

Artıq uşağı döyən məşqçinin video görüntüsü yayılıb. Hadisə güləş döşəyi üzərində baş verir. Məşq yoldaşlarının gözləri önündə zorakılığa məruz qalan Fərid Bakarov cüdo geyiminin şalvarındadır. 1994-cü il təvəllüdlü Mehman Xəlilovun dairəvi digərlərinə işlətdiyi fəndlər sambo-cüdo fəndləridir. O özü sambo üzrə məşğul olub, Minsk-2019 ikinci Avropa oyunlarının bürünc medalçısı olub. Təhsil nazirliyini nəzdində Sumqayıt 1 saylı uşaq-gənclər idman məktəbinin cüdo-sambo məşqçi-müəllimi vəzifəsində çalışır.

Xatırladaq ki, ötən ilin noyabrında Şağan olimpiya idman kompleksində cüdo yarışında 2002-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Ruslan Səfixanov, şəxsi münasibət zəmində mübahisə zamanı 2006-cı il təvəllüdlü Tural Rüstəmova bıçaqla xəsarətlər yetirərək onu öldürmüşdü.

Həmin kateqoriyadan