Olmasaydı Ağasəlim kimi ağsaqqallar…

Ağasəlim Mircavadov kimi yaşamağa nə var ki? Ağsaqqallığına hörmət qoyub, tribuna verirsən, bəlkə təcrübəsinə görə gücənib, ağıllı bir söz deyəcəyinə ümid edirsən, o da başlayır niyyətini, xislətini ortaya qoymağa. AFFA məşqçilər komitəsinə seçib-yığıblar bunları. Vaqif Sadıqov bir ay ət tökdü, indi də Mircavadov başlayıb, ətrafına daş atmağa. Özü bir barmağa yara bandı olmayıb, alın təri ilə yüksələnlərin ayağının altını qazır, arxasınca danışır.

İrəlidə olana çata bilmirsənsə, onu geri dart, özünə çatdır. Ağasəlim kimi adamlar ancaq bunu bacarır. İlləri boşa veriblər, ölkə futbolunun inkişafı adına heç nə etməyiblər, futbolu dağıdanlara çəpik çalıb, ciblərini doldurublar və indi məsləhətşünas olublar.

Sənin üstündən xətt çəkən Rövnəq Abdullayev düz edib. O nə qədər ki, AFFA prezidentidir, heç yerdə məşqçi işləməyəcəksən (zatən bundan sonra kimə lazımsan), aradabir rəhbərliyi tərifləyib, əl çalıb, 1000 manatını alacaqsan. Hətta bu maaşın qarşılığını vermək üçün arada sağlam qüvvələri də qaralayacaqsan ki, ağalarının könlü xoş olsun.

Ağasəlim bəy, Abdullayevin sənin üstündən xətt çəkmə səbəbini bilirsən. O vaxt Rövnəq bəyin rəhbəri olduğu “Neftçi”ni bir gecədə satıb, Lənkərana qaçan adamsan. Pul qoxusuna getmişdin, “ürəyimdir” dediyin “Neftçi”yə arxa çevirmişdin. Xəyanətinin əzabını illərdi çəkirsən, yəqin sonadək də belə olacaq.

Şahbaz Süleymanovun, Mübariz Mənsimovun milyonlarını havaya sovurdun, dağıtdın. Nə üçün? Azərbaycan çempionu olmağa görə. Sonrası? Avropaya ayaq basan kimi burnundan vurdular. Bir dəfə, iki dəfə… Yox, həmişə. Mahmud Qurbaov, Vidadi Rzayev, Emin Quliyev, Faiq Cabbarov, Azər Məmmədov və daha bir neçə futbolçudan ibarət dəstə var idi. Hara getsən, onları aparar, sponsorlara onları razı salmaq üçün böyük vəsait ödətdirərdin. Sonra da liderlərsiz qalan digər komandaları yenər, gücün çatmayanda klub prezidentlərini başqa yollara təhrik edər və çempion olardın. Avropada isə bu oyunlar keçməzdi, məsələ beyin gücünə qalardı və şapalaqlanardın.

Azərbaycanın ən istedadlı futbolçu nəsli ilə Fransaya 0:10 uduzan adamsan. Fuad Musayevin Polşadan aldığı bir xaldan başqa millidə nə etmisən ki? Heç olmasa, dünənə bax, ayıbına kor ol. Danışma da, məcburdur? Onsuz da Abdullayev sənin üstündən xətt çəkib, daha gəlirli iş tapmağına ümid yoxdur. Maaşın var, təqaüd alırsan, aldatdığın klub sponsorlarından qapazladığın obyektlər də öz yerində. Get, yaşa da, insanlarına haqqına girməklə, onları qaralamaqla, gözdən salmaqla nə qazanacaqsan? Ya statusuna uyğun olaraq, ağsaqqal kimi danış, ya da niyyətin imkan vermirsə, sus – sonsuzadək.

Mircavadov dünən ölkə mətbuatına müsahibə verib və ağzından dür tökülüb. Məsələn, millətlər liqasında millimizə rəqib olan komandalardan danışarkən…

– Biz zəif qrup axtarırıq, amma zəif axtarmaq lazım deyil. Rəqiblər güclüdür. Biz də güclü olmalıyıq ki, yaxşı oynayaq. Kimsə Monteneqronu Yuqoslaviyadan ayrılan ölkələr arasında ən zəif kimi görməsin. Mən aşağı yaş qrupları ilə iki dəfə o ölkədə olmuşam. Uşaqlarında olan istedadı gözlərimlə görmüşəm. Yaxşı futbolçuları var. Çox inkişafda olan futbol ölkəsidir. Kipr və Lüksemburq milliləri də son zamanlar pis çıxış etmirlər. Əsas rəqib üç komandadır. Əgər seçim etsək ki, kim zəifdir, kim güclü, onda bizdə heç nə alınmayacaq. Hər bir oyuna axırıncı oyun kimi çıxmalıyıq. Millətlər Liqası sentyabrda başlayır. Vaxtımız da azdır. Baş məşqçi kim olacaqsa, ona vaxt lazımdı komandanı hazırlasın. Ən azı 5 yoxlama görüşü keçirilməlidir.

Bizim nə vaxt “vaxtımız olub” ki? Siz əl çalın, AFFA-dakı işbazlar oyun çevirsin, sonra da sənin kimilər çıxıb desin ki, baş məqşinin komandanı hazırlamağa zamanı olmadı. Ağsaqqalsansa, danış, de ki, təcili baş məşqçi müəyyənləşməlidi və konkret filan adamlardan biri baş məşqçi olmalıdır və ya filan işlər görülməlidir. Monteneqroda gördüyün istedadları yadda saxlama, Azərbaycanda məhv edilən istedadların fəryadı ol, de ki, AFFA düz işləmir, uşaqlarımız göz görə-görə məhv olur.

– Mən bu sözü 1992-ci ildə demişəm ki, millidə yerli baş məşqçi olmalıdır. Onu da hazırlamaq lazımdır. Yığmanın imici var. Onu biz hamımız – xalq, azarkeşlər saxlamalıyıq.

Yerli məşqçi deyəndə ad da çək, namzəd göstər, fikrini əsaslandır. Yerli məşqçi hazırlamaqdan danışarkən etdiklərini də de – sən yanında işləyən köməkçilərdən kimi hazırlamısan? Köməkçilərinin heç biri indi iş başında deyil – biri qumara qurşandı, biri dələduz çıxdı, başqa biri də çayxana söhbətləri ilə ömrünü keçirir. Hansı köməkçin sənin təcrübəndən yararlanıb ortaya çıxdı? Bircə Tərlan Əhmədov var, o da sənin yanından tez qaçdığı üçün özünə cığır açdı. Məşqçilərə kateqoriyanı sənin kimi təcrübəlilərin yox, Osman Rəhimov kimi tərcüməçinin paylamasından utan heç olmasa.

– Mən cavan-yaşlı söhbəti etmirəm. Amma milli komandaya gələn məşqçinin milli təcrübəsi olmalıdır. Bizdəki gənc məşqçilərin heç biri millidə işləməyib. Fəaliyyətləri ancaq klublarda olub. Klub məşqçisi ayrıdı, yığma məşqçisi ayrı.

Bəs, necə? Mircavadov, sən özün milliyə gələnə kimi Avstraliya, Maqadaskar millilərində işləmişdin. Vaqif Sadıqovun xasiyyətini götürmüsən e. Ay ağsaqqal, məşqçi elə klubda işləyə-işləyə təcrübə yığır da. Yoxsa məşqçilər anadan olanda təsnifatlanır? Klub və yığma məşqçiləri fərqli olursa, nəyə görə sən və səninlə birgə məşqçilər komitəsində oturanlar zaman-zaman dəfələrlə həm klublarda, həm də yığmalarda işləyib? Yoxsa göydən zənbillə enmişlərdənsiz?

– Rəşad Sadıqov, Samir Abbasov və Ayxan Abbasov klubda nəsə ediblər? Bir daha qeyd edirəm, yığmanın imicin qorumaq üçün təcrübəli baş məşqçi olmalıdır. İndi rəhbərlik kimi məsləhət bilər, o da olar.

Rəhbərlik biləcəksə, bəs, cavanları niyə qaralayırsan? Rəşad Sadıqov sənin karyeran boyu arzu etdiyini bir mövsümdəcə əldə edib; Samir Abbasov ehtiyat qüvvə kimi baxmayacağın uşaqlarla müasir futbol sərgiləyib; Ayxan Abbasov sənin karyeran boyu avrokubokda bircə dəfə mərhələ keçməyini debüt ilindəcə reallaşdırıb.

Davam edimmi? Ayıbdır, get və bir də danışma. Bu sözləri söyləməyə səni niyyətin, xislətin vadar edir. Özünü o qədər gözdən salmısan ki, artıq 1000 manat üçün sənə “malalayan”, “baş üstə deyən” gözüylə baxan AFFA rəhbərliyi də gülür. Təqaüdünü al, qocalığını yaşa, bacarıqlı və savadlı, işgüzar gənc nəslə çamur atma. Məsləhətinlə, nəsihətinlə nümunə olmamısan, niyyətinlə sipər olma (futbolinfo).

Y.S. Həmin Ağasəlimsən ki, özün bir şey bacarmayıb, bura işləməyə yollanmış əcnəbi məşqçilərə xitab edib, “onlar elə bilərlər Afrikaya gəliblər” söyləyən. Halbuki hələ də qanmırdın ki, Afrika futbolu Azərbaycanı çoxdan bir əsr qabaqlayıb.

Həmin kateqoriyadan