Orxan Səfərov: Əvvəlki federasiya verdiyi sözə əməl etmirdi

«Əminəm ki, yeni rəhbərliyin dönəmində bu çatışmamazlıqları yaşamayacağıq»

Ötən həftə MOK-da Cüdo federasiyasının ən yüksək postuna seçki keçirilib. Ölkə başçısı İlham Əliyev tərəfindən bu vəzifəyə təklif olunan SOCAR prezidenti Rövnəq Abdullayev yekdilliklə ACF-ə rəhbər seçilib. Cüdonun Azərbaycanda aparıcı idman növü olduğunu vurğulayan dövlət rəsmisi, inkişaf yolunda daha böyük səy göstərəcəyini deyib.

Seçkidən sonra KİV-lə ilk ünsiyyətdə olan milli komanda üzvlərindən biri Orxan Səfərov (60 kq) olub. Allsport.az saytına açıqlamasında titullu cudoçu bildirib ki, əvvəlki rəhbərliyin dövründə federasiyada maliyyə sıxıntısı vardı:

«Federasiyamızda problemlər mövcud idi. Sevinirik ki, Rövnəq müəllimin sayəsində indi bunlar olmayacaq. Bizə düşən vəzifə yarışlarda uğurlu çıxış edib, xalqımızı şadlandırmaqdır.

İdman ictimaiyyətində bəziləri cüdoçuların pula görə güləşdiyini deyirdilər. Bu, heç də belə deyil. Biz vətənimiz, bayrağımız üçün güləşirik. Dövlətimiz həmişə idmançılara dəyər verib.

Daim mükafatlandırılırdıq. Amma köhnə federasiya verdiyi sözə əməl etmirdi. Maliyyə məsələlərində problemlər vardı. İndiyi kimi mükafat və maaşları ala bilmirik. Əminəm ki, yeni rəhbərliyin dönəmində bu çatışmamazlıqları yaşamayacağıq».

Həmin kateqoriyadan