Pakistanın “dəmir ledisi” Bakıda

Pakistanın BMT-dəki xoşməramlı səfiri Munibə Məzari paytaxtımızdadır. Allsport.az saytı xəbər verir ki, o, Heydər Əliyev Fondu və milli paralimpiya komitəsinin dəvəti ilə burdadır. Qonaq “Yenilməzlər” beynəlxalq qala təqdimatına və 5-ci uşaq paralimpiya oyunlarına qatılacaq.

Pakistanın “dəmir qadını” 3 mart 1987-ci ildə  anadan olub. O, 2007-ci ildə 20 yaşı olarkən ağır yol qəzası nəticəsində ağır xəsarətlər alaraq yerimək qabilliyyətini itirib. Qəza nəticəsində bədəninin bir çox nahiyələrindən ciddi zədə alaraq nəinki gəzmək, hətta bir müddət çox sevdiyi rəsm çəkməkdən belə məhrum olur. Qəzadan sonra onun həyatında çətin günlər başlayır. 2 il ərzində yatağa məhkum olan Məzarinin həyat yoldaşı onunla ayrılaraq, övladlığa götürdükləri oğulları Nil ilə yalnız buraxır. Yalnız həyat yoldaşı yox, Munibənin atası da bu çətin anlarda ailəsini tərk edir.

Yataqda olduğu 2 il ərzində o özünü çox köməksiz və tərkedilmiş hiss edirdi. Ancaq onun güclü iradəsi həyatın gətirdiyi çətinlikləri dəf etməyə yardımçı oldu. O, artıq əlil arabasından istifadə edə bilirdi və yenidən sevimli işi ilə məşqul olmağa başladı.

Həyatının bu dövründən etibarən qərar verir ki, daha fəal olub, ictimaət arasında daha çox görünməyə çalışacaq. Beləliklə aktiv fəaliyyətə başlayan Məzari Pakistan televiziya kanallarından birində aparıcı kimi fəaliyyət başlayandan sonra ölkəsində məhşurlaşmağa başlayır. Eyni zamanda rəssamlıq fəaliyyətini də davam etdirərək “Munibənın Kətanı” brendi adı altında fəaliyyət göstərən M.Mazari aktiv ictimai fəaliyyətini həyata keçirməkdədir. O, bir çox sosial lahiyələrin iştirakçısı olaraq uşaq zorakılığı və cinsi bərabərsizliyə qarşı maarifləndirmə işlərində aktiv iştirak edir, uşaqların təhsil hüquqlarının həyata keçirilməsinə çalışır.

Munibə Məzari Pakistanın əlil arabası istifadəçisi olan ilk incəsənət xadimi və bu ölkənin BMT-dəki xoşməramlı səfiri olan ilk qadın təmsilçisidir. O, həmçinin, BBC tərəfindən 2015-ci ilin ən nüfuzlu 100 qadını siyasına daxil edilmişdir. Eyni ildə Forbes jurnalının “30 yaşdan aşağı 30 ən uğurlu şəxs” siyahısına salınmışdır.

Dünyada minlərlə fiziki məhdudiyyətli insana ruh yüksəkliyi verən və nümunə olan Munibə Məzari hal-hazırda modellik, rəssamlıq, oxumaq,nitq söyləmək kimi fəaliyyətlərini davam etdirərək sübut edir ki, güclü iradə həmişə çətinliklər üzərində qələbə çalır.

Həmin kateqoriyadan