“Paralimpiyaçılarımız yerli və xarici şirkətlərdən daha çox dəstək gözləyir”

“Azərbaycanlı paralimpiyaçılar korporativ sosial məsuliyyət çərçivəsində yerli və xarici şirkətlərdən daha çox dəstək gözləyirlər”. Allsport.az saytı xəbər verir ki, bu sözü MPK-in prezidenti İlqar Rəhimov Almaniyanın ölkəmizdə fövqəladə və səlahiyyətli səfirinin müavini Andrea Maria Zülh ilə görüşü zamanı bildirib. Qurumun binasında baş tutan görüşdə o, paralimpiya hərəkatı haqqında məlumat verib. Deyib ki, hazırda ölkəmizdə 16 paralimpiya idman növü mövcuddur. Onlardan 14-ü yay, 2-si isə qış idman növləridir:

“Bu gün bizim yay idman növlərində 7 paralimpiya çempionumuz var. Onlardan ikisi ikiqat paralimpiya çempionlarıdır. Bu gün qarşıda duran məqsədlərdən biri də qış idman növlərini inkişaf etdirmək və 2022-ci ildə Pekində baş tutacaq qış paralimpiya oyunlarında iştirak etməkdir”.

İlqar Rəhimov paralimpiya hərəkatı və korporativ sosial məsuliyyət (KSM) haqqında da söz açıb. Noyabr ayının 13-də Heydər Əliyev dondu və MPK-nın birgə təşkilatçılığı ilə KSM-ə həsr olunmuş beynəlxalq qala təqdimatın keçirildiyini deyən komitə prezidenti əlavə edib ki, paralimpiya idman növlərinin və ümumilikdə paralimpiya hərəkatının inkişaf etdirilməsi üçün KSM olduqca əhəmiyyətlidir.

“Bu gün paralimpiyaçılarımızın əsas dəstəkçisi Azərbaycan dövləti və Prezidentidir. Bununla belə, özəl şirkətlərin də sosial məsuliyyət çərçivəsində bu hərəkata dəstək olmaları vacibdir”, – o vurğulayıb.

Almaniya Federativ Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin müavini Andrea Maria Zülh öz növbəsində qeyd edib ki, Almaniya dövləti həm Azərbaycanda, həm də dünyada paralimpiya hərəkatının inkişafına dəstək göstərməkdə maraqlıdır.

“Biz düşünürük ki, inklüziv cəmiyyətin qurulması üçün paralimpiya hərəkatının inkişafı çox vacibdir”, – deyə o əlavə edib.

Almaniya hökumətinin Azərbaycanda qış paralimpiya idman növlərinin inkişafına dəstək göstərdiyini deyən xanım Zülh  qış idman növləri üçün nəzərdə tutulan Almaniya istehsalı oturaq xizəkləri paralimpiyaçılara hədiyyə edib.

Andrea Maria Zülh, həmçinin qeyd edib ki, Azərbaycanda fəaliyyət göstərən Almaniya-Azərbaycan ticarət palatasının da paralimpiya komitəsi ilə əməkdaşlığa maraqlı ola biləcəklərini deyib. 

Həmin kateqoriyadan