“Qəbələ” AzAL-la oyunun hazırlıqlarını davam etdirir

Topaz Premyer Liqasının 27-ci turunda istirahət edən “Qəbələ” növbəti oyunun hazırlıqlarını davam etdirir. Allsport.az xəbər verir ki, martın 28-də əvəzedici komanda ilə yoxlama oyunu keçirib, 7:2 hesabı ilə qalib gələn Roman Qriqorçukun yetirmələri artıq 28-ci turun AzAL-la görüşünün hazırlıqlarına başlayıb.

Yoxlama matçının ertəsi məşq edib, ardınca bir günlük istirahət edən komanda çalışmalarını Qəbələdə davam etdirir. Gündə bir dəfə hazırlıq keçən “qırmızı-qaralar”ın məşqlərində yalnız zədəli Dodo iştirak etmir. Azərbaycan millisinin düşərgəsindən qayıdan Cavid Hüseynovla Ruslan Abışov, U-21-dən qayıdan Tellur Mütəllimov da məşqlərə qatılır. Zədə səbəbindən bir müddət fərdi hazırlıq keçən Elvin Camalov da artıq komandaya qoşulub.

Növbəti iki gündə də doğma məkanda məşq edəcək “Qəbələ” aprelin 3-dəki hazırlığın ardından Bakıya yollanacaq. 28-ci tur çərçivəsində AzAL-la səfər görüşündən bir gün əvvəl komanda paytaxtda məşqə çıxacaq. Oyunöncəsi son məşq qarşılaşmanın baş tutacağı Şüvəlandakı “AzAL Arena”da baş tutacaq.

Qeyd edək ki, AzAL – “Qəbələ” oyunu aprelin 5-də keçiriləcək.

Həmin kateqoriyadan