Qətərdə gedən qatar və ya içi boş poçt qutusu

Azərbaycan cüdo federasiyasında (ACF) gərginlik davam edir. Qətərdə keçirilən dünya çempionatında, ACF-in özünün də etiraf etdiyi uğursuz nəticədən sonra, yeni rəhbərlik günahı idmançılarda görüb axtarsa da, gənclər və idman naziri Fərid Qayıbovun haqlı iradı və narazılığı nəticəsində milli komandaya məsul perfonmans direktor Mark van der Hamın müqaviləsinə xitam verildi. Ümidini əcnəbilərə bağlayan federasiya başbilənləri bu fiaskodan sonra dərin böhran keçirirlər. Həm özləri, həm də dəvət etdikləri mütəxəssislər anlayırlar ki, olimpiya oyunlarında final olmayacaq. Bunca fəaliyyətlə, “dördillik”də çətin bürünc medal da olsun. Yola salınan niderlandlı iç ovqatı korlayırdı. Onunla eyni vaxtda gələn kişilərin baş məşqçisi Riçard Trautman xeyli müddət idi bir-biri ilə danışmırdılar.

Qatar Qətərdə getdiyindən və Paris-2024 artıq qapını döyməyə başladığından, ACF seytnot vəziyyətinə düşüb. İşbazlar böyük məmnuniyyətlə indi xaricdən yeni məşqçilər, legionçular gətirərdilər. Amma vaxt az olduğundan, özümüzküləri kənarda qoyub yadelliləri bəsləmək mexanizmi bu dəfə işə keçmir. Təzə rəhbərlik öncəkilərdən dərs götürmək əvəzinə, qaş düzəltmək yerinə göz vurub çıxartdı – yerli mütəxəssislərə etimad göstərməyərək, uğuru gəlmələrdə axtardı. Rövnəq AbdulayevSadıq Sadıqovun dönəmində onların etdiyi yeganə səhv – arxadan əsən rüzgarla yola çıxan və uğur qazanan yerli məşqçi komandasını yarıyolda dayandırıb, onun başına əcnəbinin gətirilməsi oldu. İndikilər də onu təkrarladılar. Özü də həvəslə, istəklə, canla-başla. Bilmirlər ki, ən yüksək nəticələr elə yerlilərin dönəmində qazanılıb. İndikilərin (Rəşad Nəbiyev – Rəşad Rəsullu tandemi) hər dünya çempionatında qazandıqları 1 bürünc medal isə, bizim məşqçilərin millidə ən aşağı nəticəsi idi.

Azərbaycan mütəxəssisləri o səviyyəyə çatıblar ki, artıq Rusiya, Polşa, Səudiyyə Ərəbistanı, Ukrayna və Özbəkistan kimi idmanı yüksək olan ölkələrdə işləyirlər; bir zamanlar Türkiyədə və Belarusda uğur qazanıblar. Onları İran və Banqladeşdə görmək istəyənlər də olub. Odlar yurdu daim istedad yetişdirib. SSRİ dönəmində də bizdən mütəxəssislər ittifaqın digər respublikalarında fəaliyyət göstəribdilər. Amma indi? – Əli Dərvişov, Hacıağa Hacıəhmədov, Elçin İsmayılov, İbadulla Şahbanov, Zair Məmmədov, Fərhad Məmmədov, Yaşar Allahverdi, Tərlan Həsənov, Tərlan Poladov, Fərhad və Əhməddin Rəcəbov kimi ustadlarımız kənarda qalıblar. Onları müəyyən məvaciblə məşqçilər şurasında cəm edib təcrübələrindən yararlanmaq, orta yaşlılarına yenidən millidə yer vermək çox çətindirmi? Axı həmin enerjili məqşçilər zamanında öz sözlərini deyiblər! Xeyir-dua olmayan yerdə, bərəkət də olmaz. Böyük olmayan, ona qulaq asılmayan yerdə iş getməz. Ağsaqqal sözü həmişə fayda verir. Əgər onlardan kiminsə işi varsa, idman məktəbində, klub və cəmiyyətlərdədir. Belədə, heç birinin cüdo federasiyasına, milli komandalara rəsmi bağlılıqları yoxdur. Əvəzində, ACF-də media və marketinq departamentində əməkdaşların sayı günü-gündən artır. Mən 10 bilirdim. Ancaq federasiyaya gedib-gələnlər bunun 20 olduğunu söylədilər. Onlar baş katibin təlimatlarına əsasən sosial şəbəkələrdə görüntü yaratmaq, media qanunlarını və konstitusiyanı pozmaq, narazı və cüdonu yaxşı bilən jurnalistləri beynəlxalq yarışlara ezam ilə ələ almaqdır. 23-illik karyeramda ilk dəfə gördüm ki, tənqidi yazıy(m)a görə hansısa federasiya öz rəsmi sosial hesabını, o media mənsubunun Feysbuk səhifəsinə kilidləsin.

İndiki rəhbərlik müvəqqəti olduğunu bilir. Anlayır ki, Paris-2024-də yüksək nəticə olmayacaq. O üzdən bacardıqca dost-aşnaya, qohum-əqrabaya federasiyada şərait yaradıb. İdman jurnalistikasına bağlılığı olmayanlar dövlətdən yaxşıca bəhrələnirlər. Məşqçilərin isə gözü yolda, qulaqları səsdədir. Sırf istiqamət üzrə, peşə sahəsində tarazlıq pozulduğundan, milli komandalar geriləməyə başlayıblar. Ümumi cüdo camiyəsində bu gün ortalıqda gəzənlər, mütəxəssislərdən çoxdur. Böyük ehtimalla, ACF, Bakı televiziya qülləsindən GİN-in nəzdində olan olimpiya idman oyunları üzrə yığma komandaların təlim-məşq mərkəzinə (köhnə “Neftçi baza”) köçəndən sonra, say daha da artacaq. Yəqin, o zaman jurnalist Kamran Hacının mobil nömrəsini gələn zəngləri incələmək və dinləmək tapşırığı da alacaqlar. Axı ACF-in prezidenti Rəşad Nəbiyev rəqəmsal inkişaf və nəqliyyat naziridir.
Bilməyənlər bilsinlər ki, Azərbaycan güləş federasiyasında bu işi cəmi bir nəfər görür. Ona hələ üstəlik əlavə işlər də tapşırırlar. Güləşdə ilboyu nəticələr də qat-qat cüdodan çox olur. Nə olsun ki, ötən ilin yekununda GİN-in sorğusunda ilin federasiyası nominasiyasında 1-ci olub. Düzünə qalsa, idman ictimaiyyətinin əksəriyyəti və müstəqil media nəticələri şübhəli və qeyri-obyektiv hesab edib. Bəndənizin adı bəzi qurumlar tərəfindən namizəd olaraq verilsə də, sifariş əsasında media nominasiyası siyahısına salınmamışdı.

Son dönəmdə Allsport.az saytına çoxlu şikayətlər daxil olur: baş katib Rəşad Rəsullunun qəbuluna düşmək üçün, 1 həftə öncədən yazılmaq lazım olduğu deyilir. ACF, ictimai təşkilat olduğundan, onun qapısı hər kəsin üzünə açıq olmalıdır. Neçə ki, əvvəllər beləydi – Zair Məmmədov, Elnur CamalxanovElmar Babanlı ilə görüşməkdə bürokratiya yox idi. Məşqçilər və idmaçılar KİV-ə açıqlama vermələri üçün rəhbərlikdən icazə almırdılar. Adının çəkilməsini istəməyən başqa bir cüdo adamı bir müddət öncə yerlərdə maaşların geçikdiyini, yalnız federasiyanın özündə çalışanların vaxtlı-vaxtında pullarını aldığını bildirmişdi. Bu məsələnin artıq yoluna qoyulduğunu öyrəndik. Amma yenə də, narazılığın əhatə dairəsi genişlənib. Hətta bəzi rəsmi dövlət media orqanlarının əməkdaşları saytımızda dərc olunan bu cür yazıları təqdir edir, özlərinin tənqidi fikirləri qeydə ala bilmə imkanında olmadıqlarına təəssüflənirlər.
Baş katib isə, federasiyanı böhrandan çıxarmaq yollarını aramaq yerinə ucuz işlərlə məşğuldur. Hər hansı cüdo adamının səhifəmdə nəyisə “bəyənmə” işarələdiyi üçün onu sıxmasını eşitmişik. Bu gedişlə, ACF Biləcəridən də o tərəfə çıxa bilməyəcək, ancaq kiçik zəif yarışlarda qazanılan medallarla təsəlli tapacaq. Fərid Qayıbovun özü də bu ilin fevralında Milli gimnastika arenasında KİV ilə görüşdə allsport.az-da nazirliyə qarşı gedən tənqidi yazılara toxunmuş, ancaq onların hədəfə tuş gəldiyini, hərçənd federasiyalarda da problemlərin olduğuna eyham vurmuşdu. Görünür, idman naziri çatışmamazlıqlardan bərk narahatdır.

Y.S. Cəlil Məmmədquluzadənin “Poçt qutusu” hekayəsi var. Novruzəli, xandan alan məktubu poçt qutusuna salır. Amma ona qədər çox var-gəl edir, düşünür. İndi yeni rəhbərlik onun kimi davranır: olimpiadada yollanaq, ya yox? Medal qazanaq, yoxsa qazanmayaq? Novruzəlini başa düşmək olar – avam kəndlidir. Axı siz ali təhsili yurd dışında, sanballı universitetlərdə almısız. Dövlətin də federasiyaya qayğısı yüksək səviyyədədir. Bəs onda nəyiniz və nə çatmır?

Həmin kateqoriyadan