“Qarabağ” məğlubiyyətsiz ev oyunu seriyasında “Neftçi”nin rekordunu təkrarlamağa yaxındır

“Qarabağ” məğlubiyyətsiz ev oyunu seriyasında “Neftçi”nin rekordunu təkrarlamağa yaxındır

Ağdamın “Qarabağ” klubunun ev oyunundakı üç uğurlu seriyasından biri qırılıb. Allsport.az saytı xəbər verir ki, Premyer liqasının 13-cü turunun “Qəbələ” ilə ev oyununda 2:1 hesabı ilə qalib gələn Qurban Qurbanovun komandası ardıcıl 15-ci qələbəylə məğlubiyyətsiz matçlar seriyasını 20-yə çatdırıb. Lakin “atlılar” 244 gündən sonra qapısında qol görüb.

Əyalət təmsilçisi öz meydanında sonuncu dəfə ötən mövsümün “Rəvan”la matçında top buraxmışdı. Martın 30-da keçirilən görüşdə 5:1 hesabı ilə qalib gələn “Qarabağ” 68-ci dəqiqədə Yasin Həmidin qoluna üzülmüşdü. Bundan sonra 10 matç qonaqlara qol sevinci bəxş etməyən ağdamlıları bu dəfə 64-cü dəqiqədə Filip Ozobiç məyus edib. Evdə 986 dəqiqə qol buraxmayan Ağdam klubu öz meydanındakı quru oyunlar ardıcıllığında öz tarixinin rekordunu rəsmiləşdirib.

Bu, Azərbaycan çempionatları tarixində 3-cü nəticədir. “Qarabağ”ın 2 addımı çatmayan mütləq rekord 2003-05-ci illərdə ardıcıl 12 ev oyununda qol buraxmayan “Neftçi”yə məxsusdur. Digər paytaxt klubu “Xəzri” isə 11 ev oyununu quru keçirib.

Həmin kateqoriyadan