Pərvin Piriyev: “Hədəf hər zaman ən yüksək olmalıdır”

Pərvin Piriyev: “Hədəf hər zaman ən yüksək olmalıdır”

27 iyul – 2 avqustda Bakıda yeniyetmə güləşçilərin dünya çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, bu gün Milli gimnastika arenasında komandalarımızın heyəti açıqlandı. Tədbirdən sonra AGF-in baş katib Pərvin Piriyev açıqlama verdi:

“Dünya çempionatında 50-dən çox ölkədən 1000-dən çox idmançı və məşqçi iştirak etmək üçün qeydiyyatdan keçib. Bu, Dünya güləş birliyinin həmin yaş kateqoriyası üzrə son 20 ildə ən uyüksək göstəricisidir. Bütün güləş həvəskarlarını həmin yarışı izləməyə dəvət edirik. İdman növündən asılı olmayaraq, hədəf hər zaman ən yüksək olmalıdır. Güləş ölkəsi olaraq məqsədimiz ilk sıralarda qərarlaşmaqdır. Bir tərəfdən də, həmin məqam bizim əsas hədəfimizi təşkil etmir. Bu yaş dövrü keçid sayılır. Bizim üstünlük verdiyimiz amil idmançılarımıızn sağlamlığının təmin olunması, onlar texniki-taktiki cəhətdən düzgün hazırlanmasıdır. Əsas vəzifəmiz güləşçilərin yuxarı yaş qruplarına, özəlliklə, gələcəkdə böyüklərdən ibarət milli komandaya qazanılması üçün lazım olan mental xüsusiyyətlərə, texniki bacarıqlara yiyələnilməsidir”.

AGF rəsmisi, Ermənistan komandasının Bakıya gəlişi barədə suala da cavab verdi: “Əlbəttə, dünya çempionatında bir idman prinsipi kimi qarşılaşdığın istənilən rəqibə qarşı qələbə qazanmaq iddiasında olmalısan. Lakin idmanın ayrılmaz bir parçası odur ki, həm də sən məğlub ola bilirsən və o zaman təəssüf hissi keçirirsən. Bizim üçün dünya çempionatında yenilgi zamanında hansısa bir ölkəyə təəssüf hissi keçirdiyimiz fərqi yoxdur. Bu, bizim səhvlərimizdən nəticə çıxartmaq üçün, səhvlərimizdən öyrənmək üçün bir imkandır. Ona görə də bizim üçün hər hansı bir ölkəni xüsusilə fərqləndirmək niyyətimiz yoxdur və belə bir yanaşmamız mövcud deyil”.

AGF-də son zamanlar islahatlar oldu və sözü gedən yaş qrupunda hər 3 millidə böyük məşqçi yeniləndi. Onların hamısı bu sahədə ilk addımlarını atacaq. Pərvin Piriyev durumdan narahat deyil: “Hacı Əliyev, Rafiq Hüseynov və Mariya Stadnik bizim gənc mütəxəssislərimizdir və əlbəttə ki, bu qədər təcrübə ilə onlar artıq özləri dərk edirlər və başa düşürlər ki, onların altına girdikləri məsuliyyət nə qədər vacibdir, nə qədər böyükdür. Lakin bu da onların ilk təcrübələridir və biz başa düşməliyik ki, biz onların bu yarışda iştirak etməsi ilə, onların təyin olunması ilə biz gələcəyə yatırım etmiş hesab oluna bilərik. Ona görə ki, biz öz yerli titullu idmançılarımızın məşqçiyə çevrilməsi istiqamətində bir addım atmışıq və bugün onlar hansı nəticə əldə edəcəklər? Bu, sözsüz ki, yalnız yarışın sonunda bilməyəcəyik. Amma bu istənilən bir nəticədə biz qazanacağıq. Ona görə ki, biz yerli məşqçilərimizin, mütəxəssislərimizin yetişdirilməsi üçün bir addım atmış hesab olunacağıq.

AGF-in baş katibi təbliğat-təşviqat üzrə ölkədə sayılıb seçilən bacarıqlı mütəxəssislərdəndir. İştirakçı sayında yüksək götəricidə onun böyük payı var: “Hal-hazırda bu yarış ölkəmizdə keçirildiyi üçün, xüsusən də ölkəmizdə ictimaiyyətin geniş toplandığı ərazilərdə çöl reklamları yerləşdirilib. Sosial mediada geniş təbliğat təşviqat işləri aparılır. Eyni qaydada bizim daxili kommunikasiya – o bizim daxili güləş icması ilə ünsiyyət qurulub və onlara da yarış haqqında məlumat verir. Bilirsiniz ki, bizim də sayımız az deyil güləş icması olaraq və eyni qaydada televiziyada hal-hazırda ən çox baxılan, demək olar ki, bizim televiziyalarımızda mütəmadi olaraq yarış haqqında elanlar verilir. Sosial mediada, bizim saytımızda, radiolarda bu yarış barəsində ətraflı məlumat verilir”.

Həmin kateqoriyadan