Ramin Musayev: “Neftçi” ilə “Qarabağ”ın rəyini öyrənmədik”

Xəbər verdiyimiz kimi, Azərbaycan futbolu tarixində ilk dəfə ölkə kubokunun final matçı bölgədə keçiriləcək. Allsport.az xəbər verir ki, Peşəkar Futbol Liqasının (PFL) bügünkü qərarına əsasən, bu mövsüm kubokun finalı Qəbələ şəhərində olacaq.

Bu məsələ ilə əlaqədar PFL prezidenti Ramin Musayev qol.az saytının suallarını cavablandırıb.

– Kubokun finalının Qəbələdə keçirilməsi hansı zərurətdən yarandı?
– Azərbaycanın hər bir bölgəsi bizim üçün əzizdir. Bildiyiniz kimi, indiyə kimi final matçları Bakıda olub. Bu dəfə isə yenilik olsun deyə, finalı Qəbələdə keçirmək qərarı verdik. Bu, bizim bölgələrdə yaşayan azarkeşlərimizə hədiyyəmizdir. Qəbələdə və ətraf rayonlarda yaşayan futbol həvəskarlarını həmin oyuna baxmağa dəvət edirik.

– Bu qərarı verməzdən əvvəl finalçılar olan “Qarabağ” və “Neftçi”nin rəyi öyrənilibmi?
– Xeyr. Buna ehtiyac da yoxdur. Biz başqa dövlətdə yaşamırıq. Azərbaycanın bütün bölgələrində olduğu kimi, Qəbələdə də böyük inkişaf var. Həmin şəhərdə gözəl futbol üçün hər şür şərait yaradılıb. Baxın, orada nə qədər gözəl otellər və stadion var.

– Amma belə fərziyələr var ki, “Neftçi”nin Qəbələ azarkeşləri ilə problemi olduğu üçün klub finalın bu şəhərdə keçirilməsinə razı deyil.
– Heç bir problem olmayacaq. Buna əmin olun. Ümumiyyətlə, indiyədək təcrübədə olmayıb ki, PFL final matçının harada keçirməklə bağlı klubların rəyini öyrənsin. Sadəcə, oyundan bir neçə gün əvvəl nominal meydan sahibinin kim olması ilə bağlı püşk atılıb və bu dəfə də atılacaq.

– Final iyunun 3-də keçiriləcək. Həmin vaxt isə Bakıdakı ilk Avropa Oyunları ilə əlaqədar paytaxtda xeyli xarici idmançı olacaq. Bu qərarın verilməsinə Bakıda iyun ayında yaranacaq sıxlıq amili də təsir edibmi?
– Bununla bağlı bizə heç nə deyilməyib. Bildiyiniz kimi, ötən il superkubok oyununu Naxçıvanda keçirdik. Hələ bu mövsümün əvvəlində də fikrimiz vardı ki, final bölgələrdən birində olsun. İnşallah, gələn il də final paytaxtdan kənarda keçirilər.

– Budəfəki finalda da lotereya oyunu təşkil ediləcəkmi?
– Oyunda daha yaxşı mühitin olması üçün əlimizdən gələni edəcəyik.

– Azarkeşlərin Qəbələyə aparılması məsələsi necə təşkil olunacaq?
– Bu məsələni klublar özləri həll etməlidir. Biz isə PFL olaraq, jurnalistlərin Qəbələyə səfərini təşkil edəcəyik.

Həmin kateqoriyadan