Rövnəq Abdullayev əksər cüdo müxalifətinə və küskünlərə vəzifə verdi

Yeni ACF prezidenti olimpiya çempionu Nazim Hüseynov və sabiq baş katib Zair Məmmədovu kənarda qoydu

Azərbaycan Cüdo Federasiyasının daxili iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda əvvəlcə bir neçə komitə və sektorun yaradılması barədə qərar verilib.

Məşqçilər Komitəsinə Peter Zayzenbaxerin baş məşqçi postuna qayıdışınadək əsas milli komandaya rəhbərlik etmiş Hacıağa Hacıəhmədov sədr təyin olunub. Hakimlər Komitəsi Fariz Hüseynova, Nizam-İntizam Komitəsi Ruzbek Vəliyevə, Yarışların Təşkili və Keçirilməsi sektoru Ağayar Axundzadəyə, regionlarda cüdonun inkişafı sektoru Tərlan Poladova tapşırılıb.

Report.az-ın məlumatına görə, bu komitələrə Azərbaycan cüdosunun simaları Tərlan Həsənov, Fərhad Rəcəbli, Qüdrət Pəncəliyev, Zakir Kərimov, Adil Sadıqov və digərləri üzv seçiliblər. Zülfiyyə Hüseynova isə Məşqçilər Komitəsinin üzvü kimi qadın cüdosunu koordinasiya edəcək.

Bundan başqa yeniyetmələrdən ibarət milli komandaya Elçin İsmayılov baş məşqçi, Zaur Babayev köməkçi-məşqçi, gənclərdən ibarət yığmaya Rəşad Məmmədov baş məşqçi, Rəşad Həsənov köməkçi-məşqçi təyin olunub.

Nəzərinizə çatdıraq ki, bəzi adı çəkilən şəxlər – Ruzbek Vəliyev, Tərlan Poladov, Fərhad Rəcəbli və  Zülfiyyə Hüseynova keçmiş ACF rəhbərliyi dövründə Füzuli Ələkbərov komandasına müxalif idi. Maraqlıdır ki, yeni ACF prezidenti yeganə kənarda qalanlar – olimpiya çempionu Nazim Hüseynov və sabiq baş katib Zair Məmmədova iş verməyib.

Xatırladaq ki, SOCAR və AFFA prezidenti Rövnəq Abdullayev Cüdo Federasiyasına sentyabrda prezident seçilib. O, bu təyinatdan sonra federasiya daxilində bir neçə kadr dəyişikliyi edib.

Həmin kateqoriyadan