Rövnəq Abdullayev: “Azərbaycan cüdoçularının bu ailədə xüsusi yeri var”

“Dünya cüdo ailəsinin üzvlərini Azərbaycan Mədəniyyət Mərkəzində görməkdən çox şadıq. Sayımızın çoxalması ölkəmizdə idmanın bu növünə böyük marağın göstəricisidir”. Allsport.az saytı xəbər verir ki, bu sözü cüdo üzrə “Böyük dəbilqə” beynəlxalq turniri ərəfəsində Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə iştirak edən ACF-in prezidenti Rövnəq Abdullayev Azərtac-a müsahibəsində deyib.

O bildirib ki, dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev ölkəmizdə idmana daim yüksək diqqət və qayğı göstərir. Buna görə də idman sürətlə inkişaf edir. Cari ilin martında Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə “Böyük dəbilqə”nin keçiriləcəyini qeyd edən federasiya prezidenti qeyd edib:

“Bu gün dünya cüdo ailəsinin bütün üzvləri Azərbaycan Mədəniyyət Mərkəzində toplaşıb. Azərbaycan cüdoçularının bu ailədə xüsusi yeri var. Cüdoda yeddi çəki dərəcəsindən üçü üzrə ən yüksək yerlər Azərbaycan idmançılarına məxsusdur. “Böyük dəbilqə” beynəlxalq turniri bu ilin ən güclü turniridir. Azərbaycan cüdoçuları da birincilik uğrunda mübarizə aparacaqlar. Əminəm ki, cüdoçularımız bu turnirdə yaxşı nəticələr göstərəcəklər. Qoy, ən güclü idmançı qələbə çalsın”.

Həmin kateqoriyadan