Rövnəq Abdullayev: Azərbaycan millisində baş məşqçi olmaq uğrunda böyük rəqabət gedir

Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə «Böyük dəbilqə» yarışı başladı. Millimiz startda Orxan Səfərovun sayəsində bir medal qazandı. İlk yarış gününün yekununda Cüdo federasiyasının prezidenti Rövnəq Abdullayev allsport.az saytının da daxil olduğu bir qrup KİV nümayəndəsinə müsahibə verdi:

– Bu gün komandamız bir bürünc medal qazandı. Ev sahibi üçün bu zəif nəticə deyil?
– «Böyük dəbilqə» turniri artıq bizdə ənənə halını alıb. Ötən il olimpiada mərhələsi olduğundan, bura 100-dən çox ölkə gəlmişdi, rəqabət də gərgin idi. Olimpiya oyunlarından sonra, adətən, durğunluq olur. Bu yarış İslam olimpiadasına hazırlıq xarakteri daşıyır. İlin digər əsas sınağı Budapeştdə keçiriləcək dünya çempionatıdır. Üstəlik, bildiyiniz kimi, gələn mövsüm bu mötəbər yarışa biz ev sahibliyi edəcəyik.

– Həmin dünya çempionatına hazırlıq nə vaxtdan başlanacaq?
– Demək olar ki, artıq başlamışıq (gülümsəyir). Proses gedir. Yeni yola qədəm qoymuşuq. Son dayanacaq Tokio-2020 olacaq.

– Qarşıda daha 2 gün var. Sizcə, nəticənin davamı olacaqmı?
– Təbii, ağır çəkili cüdoçularımızdan çox şey gözləyirəm.

– Ötən ay qadınlardan ibarət millimizə yeni baş məşqçi təyin olundu. Görünür, bu komandada köklü islahatlar olacaq.
– Tamamilə doğrudur, iş gedir. Kifayət Qasımova və Ramilə Yusubovadan sonra sanbalı qadın cüdoçu ortaya qoymamışıq. Yığmanı gücləndirmək üçün bir neçə legionçu dəvət  etmişik. Adətən, gəlmə idmançı olanda, bizimkilər kəskin rəqabəti görüb daha səylə hazırlaşırlar. Təcrübəli cüdoçulardan qızlarımız çox şey öyrənə bilərlər.
Regionlarda kütləviliyi artırmaq üçün böyük işlər görülür, maddi-texniki baza yaxşılaşdırılır. Son ölkə çempionatında iştirakçı sayı rekord həddə idi.

– Rövnəq müəllim, kişilərdən ibarət milli komandada baş məşqçi məsələsi açıq qalıb. Bu, nə vaxt öz həllini tapacaq?
– Peter Zayzenbaxerin məlum məhkəmə işindən, onunla əməkdaşlığımızı davam etdirə bilmədik. Yeni baş məşqçi də əcnəbi olacaq. Hələ axtarışdayıq. Çox güman, İslam oyunlarından sonra bu məsələni yoluna qoyacağıq.

– Sirr deyilsə, hansı ölkənin mütəxəssləri ilə danışıq gedir?
– Bunu deyə bilməyəcəyəm (gülümsəyir). Azərbaycan cüdosu dünyada nüfuzuna görə seçilir. Bu səbəbdən, bizlə çalışmaq üçün böyük rəqabət gedir.

Həmin kateqoriyadan