Rüstəm Orucov “Böyük dəbilqə”də gümüş medal qazanıb

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdoçuların “Böyük dəbilqə” turniri davam edir. Allsport.az saytı xəbər verir ki, yarışın 2-ci günü Azərbaycan millisi uçun uğurlu keçib.

73 kq-da Rüstəm Orucov mübarizəyə 1/4 finaldan başlayıb. O, ilk qarşılaşmasında pakistanlı Nadeem Əkrəmə qalib gəlib, sonra yoldaşı Fəqan Quluzadəni üstələyib. Yarımfinalda, Rio-2016-nın gümüş medalçısı, ev sahiblərini təmsil edən Viktor Skvortovla qarşılaşıb. Rəqibini məğlub edən cüdoçumuz finala yüksəlib. Həlledici görüşdə İsveç idmançısı Tommi Makiasa uduzan Rüstəm Orucov  2-ci yerlə kifayətlənib.

Fəqan Quluzadə 5-ci yeri tutub. Digər milli üzvləri – Elvin Əhmədli və Ruslan Fərrüxzadə (hər ikisi – 81 kq) mübarizəni erkən dayandırıblar. Qeyd edək ki, 34 ölkədən 157 cüdoçunun (96 kişi, 61 qadın) mübarizə apardığı mötəbər turnirdə Azərbaycan komandası 12 cüdoçu ilə təmsil olunur.

Həmin kateqoriyadan