Rüstəm Orucov: “Cüdoda qaydalar bir az yüngülləşdirilib”

“İslam həmrəyliyi oyunlarına ciddi hazırlaşırıq. Ümid edirəm ki, həmin vaxtadək heç bir zədə olmadan yarışa hazırlıq prosesini başa çatdıracağıq. Məşqləri şənbə günləri də daxil olmaqla fasiləsiz davam etdiririk. “Bakı-2017”də azarkeşlərin dəstəyi bizim üçün çox vacibdir”. Allsport.az saytı xəbər verir ki, bu sözü Rio-2016-nın gümüş medalçısı Rüstəm Orucov (73 kq) AzərTAc-a müsahibəsində deyib. Oyunlardan əvvəl qatılacaqları yarışlardan danışan Bakı-2017-nin idmançı səfiri bildirib:

“Əvvəlcə Avropa çempionatında iştirak edəcəyik. Sonra isə Yaponiyaya təlim-məşq toplanışına yollanacağıq. Rio yay olimpiya oyunlarında xalqımız məndən medal gözləyirdi. Həmin yarışda üzərimdəki məsuliyyəti hiss edirdim. Bakı-2017-də karyeramda ən mötəbər yarışlardan biri olacaq. Çalışacağam ki, yarışda uğurla çıxış edib xalqımızı sevindirim. Martın əvvəlində Bakıda “Böyük dəbilqə” olacaq. Hazırda bu yarışa hazırlaşırıq.

Millimizin əsas heyətində yer alan idmançılarımız çox güclüdürlər. Onların əksəriyyəti demək olar ki, beynəlxalq reytinq cədvəlinin ilk onluğunda qərarlaşıb. Həmin idmançıların medal qazanmaq şansı çox yüksəkdir. Bakı-2017-də komanda yarışı da təşkil olunacaq ki, burada da fərqlənmək istəyirik.

Cari ilin əvvəlində Bakıda cüdo idman növündə yeni qaydaların qüvvəyə mindiyini xatırladan cüdoçu deyib: “Yeni qaydalar barədə məlumatlıyıq. Yeni qaydalar əsasında təşkil olunan iki yarışda iştirak etmişik. Əvvəllər qarşılaşma beş dəqiqə davam edirdi. Yeni qaydalara əsasən, qarşılaşma dörd dəqiqə davam edir. Cüdoda qaydalar bir az yüngülləşdirilib”.

 

Həmin kateqoriyadan