Sərbəst güləş millimiz 5-qat dünya çempionunun xatirə turnirində

8-9 iyulda Rusiya Federasiyası Dağıstan Respublikasının Kaspiysk şəhərində 5-qat dünya çempionu Əli Əliyevin xatirəsinə sərbəst güləş üzrə 48-ci beynəlxalq turnir keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarışda baş məşqçi Firdovsi Umudov və məşqçi Arif Abdullayevin rəhbərliyi ilə yığma komandamızın 16 üzvünün iştirak etməsi planlaşdırılıb.

Heyətdə Mahir Əmiraslanov, Georgi Edişeraşvili, Mircəlal Həsənzadə, Pərviz İbrahimov (hamısı – 57 kq), Qalib Əliyev, Əhmədnəbi Qvarzatilov (hər ikisi – 61 kq), Coşqun Əzimov, Məhəmməd Müslümov, Ağahüseyn Mustafayev (65 kq), Murtuz Müslümov, Ruslan Dibirhacıyev, Hacımurad Ömərov (70 kq), Cəbrayıl Həsənov (74 kq), Aleksandr Qostiyev, Murad Süleymanov (86 kq) və Aslanbəy Alborov (97 kq) yer alıblar.

Yarışın proqramına əsasən, ilk günündə 57, 65, 74, 97, ikinci yarış günündə isə 61, 70, 86 və 125 kiloqram çəkidə güləşçilər mübarizə aparacaqlar. Görüşlərin idarə edilməsində ölkəmizi 3-cü dərəcəli beynəlxalq hakim Rövşən Azadov təmsil edəcək.

Həmin kateqoriyadan