Sərbəst güləşçilərimiz Avropa birinciliyində komanda hesabında 2-ci olub

Almaniyanın Dortmund şəhərində gənc güləşçilər arasında Avropa birinciliyi davam edir. Allsport.az saytı xəbər verir ki, ilk 2 yarış günündə mübarizə aparan “sərbəstlər” 3 qızıl, 2 gümüş və 1 bürünc medala sahibləniblər.

Qızıl mükafatları Əfqan Xaşalov (55 kq), Əli Rəhimzadə (60 kq) və Hacımurad Məhəmmədsəidov (84 kq) qazanıblar. Yalnız final görüşündə uduzan Şahin Muxtarov (50 kq) və Mahal Novruzov (66 kq) 2-ci, Məhəmmədrəsul Qazıməhəmmədov (96 kq) 3-cü olub.

Bu nəticə ilə millimiz komanda hesabında 58 xalla 2-ci yeri tutub. 67 xal toplayan Rusiya 1-ci, 52 xalla Gürcüstan kollektivi 3-cü sıraya yiyələnib.

Xatırladaq ki, ötənilki eyni yarışda sərbəst güləşçilərimiz 2 qızıl və 4 bürünc medalla komanda hesabında 3-cü olmuşdu.

Həmin kateqoriyadan