Şamaxıda şəhid Naiq Ələkbərovun xatirəsinə cüdo üzrə açıq rayon birinciliyi

Şamaxı şəhərində 2-ci Qarabağ müharibəsi şəhidi Naiq Ələkbərovun xatirəsinə həsr olunan cüdo üzrə 2010-2012-ci il təvəllüdlü yeniyetmələr arasında açıq rayon birinciliyi keçirilib.

Yarışın açılışında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Turnirə paytaxt Bakıdan, Qəbələ və Şamaxı rayonlarından ümumilikdə 14 komanda qatılıb. Şamaxı Olimpiya İdman Kompleksinin təşkilatçılığı ilə keçirilən yarışda 250-ə yaxın idmançı 9 çəki dərəcəsində mübarizə aparıb.

Qeyd edək ki, Azərbaycan Ordusunun giziri olan Naiq Ələkbərov Vətən müharibəsi zamanı Füzuli, Xocavənd və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən o, ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Həmin kateqoriyadan