“Sübut etdik ki, qələbəyə layiq oynayırıq”

Azərbaycan millisinin üzvü Abbas Hüseynov Moldova yığmasına qarşı keçiriləcək yoxlama oyunundan danışıb. Allsport.az xəbər verir ki, “Qarabağ”ın müdafiəçisi bunları deyib:

“Komandada çox gözəl ab-hava var. Baş məşqçinin tapşırıqlarına əsasən təlim-məşq toplanışımız davam edir. Təcrübəli çalışdırıcıdır. Onun bizdən tələb etdiyini meydanda icra etməyə çalışırıq. Artıq iki oyun keçirmişik. Ayrı-ayrılıqda dəyərləndirsək, Türkiyəyə qarşı çox yaxşı oynadıq. Hətta ən yaxşı oyunlarımızdan biri olduğunu qeyd edə bilərəm. Əfsuslar olsun ki, qələbə qazana bilmədik. Belarusla oyunda sübut etdik ki, biz qələbəyə layiq futbol oynayırıq.

Sevindirici haldır ki, ikinci oyunda qələbə qazandıq. Moldova ilə oyuna da eyni ciddiyyətlə hazırlaşırıq. Məşqçilərin tapşırıqlarını yerinə yetirsək, inanıram ki, sabahkı oyundan da qalib ayrılacağıq. Bu cür qələbələr komandada qələbə ruhunu artırır. Qalib gəlmək futbolçunun özünəinam hissini artırması baxımından önəmlidir. Ümumiyyətlə, bu yoldaşlıq oyunları millinin seçmə mərhələdəki oyunlarına müsbət mənada öz təsirini göstərəcək”.

Həmin kateqoriyadan