Sumqayıt stadionunda cüdo bölməsi fəaliyyətə başlayıb

23 oktyabrda Azərbaycan prezidenti İlham Əliyev, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub. Allsport.az saytı xəbər verir ki, ona idman qurğusunun yardımçı bunasında inşa edilən cüdo təlim mərkəzi barədə də məlumat verilib.

Respublikamızda 1972-ci ildən inkişaf etdirilməyə başlayan və ötən il özünün 50 illik yubileyini qeyd edən cüdo idman növünün ilk bölmələrindən biri elə həmin il bu şəhərində fəaliyyətə başlayıb. Sumqayıt şəhər cüdo bölməsinin əsas mərkəzi uzun illər Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun binasında fəaliyyət göstərib. Əlamətdardır ki, yenidən qurulan stadionun binasında ən müasir standartlara uyğun olan cüdo təlim mərkəzi də inşa edilib.

23 oktyabrdan etibarən cüdo mərkəzi fəaliyyətə başlayıb və Sumqayıt cüdoçuları üçün ilk məşqlər keçirilib. Ümumi sahə 1900 m2 təşkil edir. Mərkəzdə 3 “dojo” (cüdo məşq zalı) mövcuddur və onların sahəsi müvafiq olaraq 540 m2, 210 m2 və 100 m2 təşkil edir. Cüdo məşq zalları beynəlxalq standartalrına uyğun olan tatamilər ilə təchiz olunub.

Ümumi sahəsi 100 m2 təşkil edən fiziki hazırlıq zalı cüdo idman növü üzrə fiziki hazırlıq məşğələləri üçün vacib olan zəruri avadanlıqlarla təchiz edilib. Təlim mərkəzində gözləmə zalı, hər zala görə paltardəyişmə otaqları, həkim otağı, masaj otağı, sauna mövcuddur. Həmçinin, məşqçilərin və digər inzibati işçilərin fəaliyyəti üçün iclas otağı və ofis otaqları təmin edilib.

Həmin kateqoriyadan