Suraxanıda “Neftçi İdman Klubu”nun yeni cüdo və boks zalları

Bu gün Suraxanı rayonunda yerləşən Tofiq İsmayılov adına olimpiya təlim-idman kompleksində yeni cüdo və boks zallarının açılışı olub. Allsport.az saytı xəbər verir ki, tədbirdə çıxış edən “Neftçi İdman Klubu” ictimai birliyi idarəetmə aparatının rəhbəri Sadıq Sadıqov dövlətimizin idmana göstərdiyi diqqət və qayğıdan danışıb.

O, bu sahədə həyata keçirilən düzgün və məqsədyönlü dövlət siyasəti sayəsində Azərbaycan idmanındakı ümumi inkişafdan, ölkəmizin Avropanın və dünyanın idman mərkəzlərindən birinə çevrilməsindən, eləcə də respublikamızın son dövrlər beynəlxalq aləmdə qazandığı etimad sayəsində tez-tez mötəbər idman tədbirlərinə ev sahibliyi etməsindən geniş söhbət açıb.

İdarəetmə aparatının rəhbəri çıxışının sonunda ölkə idmanının qazandığı uğurlarda cüdoçularımızın və boksçularımızın böyük rol oynadığını xüsusi vurğulayıb və yeni zalın açılışı münasibətilə yeniyetmə idmançıları təbrik edərək onlara uğurlar diləyib.

Sonra əməkdar məşqçilər Ağayar Axundzadə, Validə Nuriyeva və boks üzrə klubun baş məşqçisi Vüqar Ələkbərov ürək sözlərini bildiriblər. Suraxanıda daim yaxşı, adlı-sanlı idmançıların yetişdiyini diqqətə çatdıran çıxışçılar bu ənənənin bundan sonra da yüksələn xətt üzrə davam edəcəyinə inandıqlarını söyləyiblər və yeni zalların açılışına, eləcə də yaradılan yüksək şəraitə görə “Neftçi İdman Klubu”nun rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Həmin kateqoriyadan