İgid cüdoçumuz Şuşanın azad olunduğu gün şəhid olub

Sentyabrın 27-də mənfur düşmən yenə xaincəsinə torpaqlarımıza hücuma keçdi. Niyyəti yeni ərazilər işğal etmək idi. Ermənilərin həmləsinə əks-həmlə ilə cavab verən şanlı ordumuz 44 gündə dağlıq Qarabağ və ətrafında itirilən ərazilərin böyük hissəsini geri qayratdı. Bu mücadilədə düşmənin havadarları neçə-neçə igidimizin qanına bais oldu. Bunlardan biri də gizir Rüfət Əliyev idi.

O, 6 dekabr 1992-ci ildə Bakıda anadan olub. 7 yaşından idmanın bir neçə növü ilə məşğul olub. 2007-ci ildən daxili işlər nazirliyinin idman cəmiyyətində məşqçi Fariz Hüseynovun rəhbərliyi ilə cüdonun sirlərinə yiyələnib. Çoxsaylı yarışların qalıb və mükafatçısı olub. 2010-2014-cü illərdə kooperasiya universitetində ali təhsil alib. Beyləqan kəşfiyyat bölüyündə hərbi xidmət keçib. Bütün Qarabag ərazisində olub.

Bu ildən dövlət sərhəd xidmətinin xüsusi təyinatlı qrupunda xidmət göstərib. 2-ci Vətən savaşında Füzuli, Ağoğlan (Hadrut), Cəbrayıl və Zəngilanın alınmasında iştirak edib. Noyabrın 7-dən 8-nə keçən gecə Şuşa uğrunda gedən döyüşdə yüksək məqama qovuşub.

Allsport.az saytının əldə etdiyi məlumata görə, mömin qardaşımız nişanlı idi, martda toya hazırlaşırdı. Evi hazırdı, cehiz də gəlmişdi. Öncə pandemiya, sonra mənfur düşmən “Allahın əsgəri” – türkün boyunun boylanmasına, soyunun soylanmasına imkan vermədi. Amma Rüfətin qanı yerdə qalmadı. Erməni bir gün sonra təslimçi sülh imzaladı və Azərbaycanın güclü olduğunu etiraf etdi.

Məkanı Cənnət olsun!

Həmin kateqoriyadan