Tarixi nəticə: Azərbaycan yeniyetmələrin qitə birinciliyini zirvədə bitirdi

Allsport.az xəbər verir ki, yeniyetmələrin cüdo millisi 22-24 iyun tarixində Portuqaliyanın Odivelas şəhərində Avropa çempionatında tarixi nəticə əldə edərək 6 qızıl və 3 bürünc medal olmaqla 9 medal qazanıb.

Fərdi yarışlarda baş məşqçi Rüstəm Alimli və məşqçilər Nicat ŞıxəlizadəEmin İsgəndərovun rəhbərliyi ilə Azərbaycan medal əyarına görə ümumi hesabda və oğlanlar arasında 1-ci yeri olub; qızlar arasında isə 4-cü yeri tutub.

Bu, Azərbaycan milli yığmasının indiyə qədər iştirak etdiyi bütün Avropa çempionatlarında həm medalların sayına, həm də əyarına görə əldə etdiyi ən yaxşı nəticədir. Belə ki, medal sayına görə bu ilə qədər ən yaxşı nəticə 2022-ci ildə keçirilən yarışda əldə edilmişdi (8 medal). Medalların əyarına görə ən yaxşı nəticələr isə 2000 və 2004-cü ildə olmuşdu (hər iki ildə 4 qızıl medal qazanılmışdı).

Turnirin ilk günündə Azərbaycan himni 4 dəfə səsləndirilib. Belə ki, oğlanlar arasında Məhəmməd Məmişov (50 kq), Mirxalıq İskəndərov (55 kq), Məhəmməd Musayev (60 kq), qızlar arasında isə Vüsalə Hacıyeva (48 kq) bütün rəqiblərini məğlub edərək qızıl medal əldə ediblər. İdmançımız Əhməd Rüstəmov (50 kq) çempionatın bürünc medalını qazanıb, Nigar Məmişova (40 kq) isə 7-ci yerə çıxıb.

Turnirin ikinci günündə Azərbaycan cüdoçuları daha 3 medal əldə ediblər. 66 kq çəkidə Əbil Yusubov qızıl və Mehdi Cəfərov bürünc medal qazanıblar. 52 kq çəkidə yarışan Xədicə Qədəşova isə Avropa çempionatının bürünc medalını əldə edib. Fidan Qasımova (57 kq) 7-ci yerlə kifayətlənib.

Fərdi yarışların sonuncu günündə +90 kq çəkidə Ramazan Əhmədov bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olub. Aslan Kotsoyev (81 kq) 5-ci yerə çıxıb.

Bununla da Azərbaycanın Avropa çempionatının fərdi yarışlarını 9 medalla başa vurub.

Həmin kateqoriyadan